“Dendrologiya Bağı” PHŞ-nin şöbə və laboratoriyalarının illik hesabatları qənaətbəxş hesab edilmişdir

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin İdarə Heyətində, İdarə Heyəti sədrinin müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırovanın rəhbərliyi ilə şöbə və laboratoriyaların illik hesabatları dinlənilmişdir.

İlk olaraq “Meşə ekosistemləri laborotoriyası”nın böyük mütəxəssisi Nicat Yarov tərəfindən laboratoriyanın  illik hesabatı təqdim edilmişdir. Təqdimatda qiymətli ağac və kol cinslərinin (Hirkan bigəvəri, Adi qarağac, Yapon əzgili) elmi müşahidəsi, tədqiqi və generativ yolla çoxaldılmasının nəzəri və praktiki hissələri qeyd edilmişdir. Bundan əlavə laboratoriya əməkdaşları tərəfindən eyni cinsli 6 növ qazon bitkisinin bağ şəraitində yetişdirilmə prosesi, herbari və toxum fondu üçün görülən işlər təqdim olunmuşdur.

Sonra “Təsərrüfat əhəmiyyətli bitkilər” laboratoriyasının aparıcı mütəxəssisi Aybəniz Hacıyeva tərəfindən illik hesabat təqdimat edilmişdir. Təqdimatda həm biomüxtəlifliyin qorunması məqsədilə, həm də sənaye və tibbi əhəmiyyətliliyini nəzərə alaraq “Dendrologiya bağı” ərazisində yerli floradan və xarici ölkələrdən gətirilmiş müxtəlif növ dərman əhəmiyyətli bitkilərin introduksiya olunması, onların bioekoloji xüsusiyyətlərinin öyrənilməsi və bağ ərazisində inkişaf perspektivliyinin araşdırılması istiqamətində aparılmış elmi-tədqiqat işləri əks olunmuşdur.

Eyni zamanda, laboratoriya əməkdaşları tərəfindən bu bitkilərdən xromatoqrafiya üsulu ilə efir yağının alınması, alınan efir yağının yağlılığı və fitokimyəvi tədqiqi istiqamətində aparılmış elmi-tədqiqat işlərinin nəticələri təqdim edilmişdir.

“Landşaft memarlığı və sistematika” laboratoriyasının baş mütəxəssisi Şəbnəm Əşrəfova tərəfindən illik hesabat təqdimat edilmişdir. Təqdimatda yerli floradan və xarici ölkələrdən Abşeron şəraitinə introduksiya olunmuş müxtəlif dekorativ bitkilərdən istifadə etməklə landşaft memarlığı əsasında yaşıllıqların qurulması, müxtəlif formalı kompozisiyaların tərtibatı, yeni növlərin istifadə perspektivliyinin təhlili istiqamətində aparılmış elmi-tədqiqat işləri əks olunmuşdur.

Eyni zamanda, laboratoriya əməkdaşları tərəfindən “Dendrologiya Bağı” ərazisində yeni dekorativ bitkilərin müxtəlif növ və sortlarının toxumla bioekoloji və çoxaldılma xüsusiyyətləri, dinamik inkişaf fazalarının öyrənilməsi istiqamətində aparılmış elmi-tədqiqat işinin nəticələri təqdim edilmişdir.

“Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi şöbəsi”nin illik hesabatını şöbə müdiri b.ü.f.d.,dosent Aqil Qasımov təqdim etmişdir. O, yekun hesabatda şöbənin il ərzində gördüyü elm-tədqiqat işlərini təqdim etmişdir.

Şöbənin fəaliyyəti üç mərhələdə həyata keçirilmişdir. Ümumilikdə Azərbaycan Respublikasının bəzi bölgələrində və Abşeron şəraitində “Dendrologiya Bağı” ərazisində bitkilərin zərərli orqanizmlərlə (xəstəlik və zərərverici həşəratlar) yoluxmasını aşkarlamaq, onlara qarşı mübarizə tədbirlərinin hazırlanması, tətbiq edilməsi, bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi mövzusunu əhatə edən elmi fəaliyyətdən bəhs etmişdir.

Tədqiqatlar Finik Palması, Maclura, Zeytun və Qarağac bitkiləri üzərində aparılmışdır. Adı çəkilən bitkilər üzərində aşkarlanan Qırmızı Palma böcəyi - (Rhynchophorus ferrugineus Olivier), Qara yalançı qalxanlı yastıca - Parasaissetia nigra Nietner 1861., Zeytun ballıcası - Euphyllura olivina Costa. 1839, Zeytun fidan tırtılı - (Palpita vitrealis Rossi 1794), Qarağac yarpaqyeyəni böcəyi - (Pyrrhalta luteola Müller, 1766) zərərli orqanizmlərin həyat tsikli izlənilmiş kompleks mübarizə tədbirlər həyata keçirilmişdir.

“Dendroxronologiya” laboratoriyasının böyük mütəxəssisi Hökümə Mehrəliyeva laboratoriyanın  illik hesabatını təqdim etmişdir.

Hesabatda Böyük Qafqazın qərb hissəsinin (Azərbaycan hüdudlarında) meşə ekosistemlərinin ekodendroxronoloji tədqiqi əks olunmuşdur.

Eyni zamanda Hirkan dendroflorasının  nadir və nəsli kəsilməkdə olan bitkilərinin  yayılma arealının araşdırılması və antropogen amillərin areala təsirinin dendroxronoloji tədqiqi və “Dendrologiya bağı” ərazisində yaşlı ağac nüsxələrinin dendroxronoloji təhlili və monitorinqinin öyrənilməsi istiqamətində aparılmış elmi-tədqiqat işlərinin nəticələri də öz əksini tapmışdır.      

“Ekologiya və iqlimləşdirmə laboratoriyası”nın müdiri Leyla Atayeva illik hesabatı təqdim etmişdir. Məlumat verilmişdir ki, laboratoriyanın mütəxəssisləri park-bağlarda və yaşıllaşdırma təsərrüfatlarında torpaq, su, bitki ehtiyatlarının vəziyyətinin araşdırılması, ərazilərə uyğun yeni növlərin iqlimləşdirilməsi və davamlı növlərin seçilməsi istiqamətində bir sıra tədqiqat işləri həyata keçirmişdir.

Tədqiqat işləri 2024-cü illəri əhatə edən elmi tədqiqat iş planına əsasən, Böyük Qafqazın qərb hissəsinin torpaq və su ehtiyyatlarının ekoloji vəziyyətinin monitorinqi, “Yaşıl dünya naminə” ekoloji təmiz üzvi gübrələrin tətbiqi və münbitliyin bərpası, Abşeronun park və bağlarında Pinus L. cinsi növlərində quruma hallarının metodiki əsaslandırılması və mübarizə üsulları, Park və bağlarda Olea europeae L. növünə ətraf mühit dəyişkənliklərinin təsiri və “Dendrologiya bağı” ərazisində yeni növlərin introduksiyası və çoxaldılması mərhələləri üzrə yerinə yetirilmişdir.

Sonda təqdim olunan hesabatlarla bağlı müzakirələr aparılmış, irad və təkliflər bildirilmişdir.

Bütövlükdə “Dendrologiya Bağı” PHŞ-nin şöbə və laboratoriyalarının illik hesabatları qənaətbəxş hesab edilmişdir.

Şərhini yaz