"Meşələrdə kameralar quraşdırılmalıdır" - Ekoloqdan təklif
Son illər dünyada meşə yanğınlarının geniş yayılıb. Bu da planetimiz üçün böyük təhlükə yaradır. Yanğın yüz illərlə yaşı olan ağacları bir neçə dəqiqə içində külə çevirir, minlərlə heyvan növü isə məhv olur.
Bəs bunun səbəbi nədir ?
Crossmedia.az mövzu ilə bağlı “Dendrologiya bağı” publik hüquqi şəxsin aparıcı mütəxəssisi Elman Cəfərliyə müraciət edib.
Ekoloq ilk olaraq, son illərdə meşə yanğınlarının sayının artdığını vurğulayıb:
“Təkcə son 20 ildə dünyanın ayrı-ayrı ölkələrində baş verən genişmiqyaslı yanğınlarda yüzminlərlə hektar meşə məhv olub. 2017-ci ildə Yunanısatan 270 min ha, 2010-cu ildə Avstraliyada 450 min ha, 2012-ci ildə Rusiyada 500 min ha, 2016-cı ildə Boliviyada 25 min ha meşə yanaraq külə dönüb”.
Mütəxəssisin fikrincə, meşə yanğınlarının səbəbləri çoxdur:
“Təbii hadisələr - ildırım çaxması, topraq sürüşməsi, zəlzələlər və s. yanğınlara səbəb ola bilər. Lakin çox təəssüf ki, hazırda meşə yanğınlarının 80 faizdən çox antropogen amillərlə bağlıdır, yəni insan fəaliyyətinin nəticəsidir.
Meşələrin yaşayış massivlərinə, şosse yollarına yaxın olması yanğınlara səbəb ola bilir. Avtomobillərdən çıxan qığılcım, yanmış siqaret kötüklərinin yerə ayılması, piknik yerlərində qalanan ocaqların söndürülməməsi yanğının meydana gəlməsinə gətirib çıxarır. Külək isə bu yanğını daha da gücləndirir”.
Ekspert həmçinin Los- Ancelesdə baş verən yanğının səbəbini də vurğulayıb :
“ABŞ Kaliforniya ştatının Los-Anceles şəhərində baş verən, 10 minlərlə evin yanmasına, yüz minlərlə insanın evsiz qalmasına səbəb olan yanğın da güclü külək nəticəsində elektrik dirəklərinin aşması üzündən baş verib. 2018-ci ildə də bölgədə 100 min hektar meşə sahəsinin məhv olmasına səbəb olan meşə yanğını avtomobil təkərindən çıxan qığılcım üzündən baş verib”.
Onun sözlərinə görə, dünyanın əksər regionlarında, eləcə də Kaliforniyada adətən meşə yanğınları isti aylarda olur:
“Bölgədə il ərzində yanğın riski olan zaman kəsimi 78 gündür. Son illər Kaliforniyada mövsüm ərzində irili-xırdalı 8 min yanğın hadisəsi baş verir. Bu dəfə yanğın yanvar ayında-temperaturun 20 dərəcə olduğu bir mövsümdə baş verib.
Ərazidə yanğınların artmasının əsas səbəblərindən biri də yağıntının az düşməsidir. Yağıntının az düşməsi, quraqlıq quru budaqları, otları yanğını gücləndirən əsas yanar materiala çevirir.
Yanğını gücləndirən başqa vasitə isə saat 160 kilometr sürətlə əsən küləklərdir. ABŞ-dəki meşə yanğınlarının söndürülməsinə başqa dövlətlərin fövqəladə hallar qurumları da dəstək verməlidir. Çünki meşələr planetimizin sərvətidir.
Bu sərvətin yanıb məhv olmasını izləmək çox üzücüdür.
Meşə yanğınları zamanı canlı və ölü örtük, töküntü, yarpaq, budaqlar, meşə döşənəyi yanır. Yanğınlar meşə təsərrüfatına böyük ziyan vurur. Çoxlu oduncaq məhv olur, meşənin tərkibi pisləşir, ağacların boy artımı zəifləyir, heyvanat aləmi məhv olur.
Meşə yanğınları təbii sərvətlərə və ətraf mühitə böyük ziyan vurur. Meşələr torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya-gigiyena baxımından saflaşdırır, təbiətdə maddələr mübadiləsində və enerjinin bioloji dövriyyəsində əvəzsiz rol oynayır.
Meşələri-təbiətin bu əvəzsiz sərvətini qorumaq, gələcək nəsillərə ötürmək bizim borcumuzdur. Müasir dövrdə meşələrin yanğından mühafizəsi üçün güclü mühafizə, nəzarət sisteminin yaradılması vacibdir. Meşələrin kamera nəzarətinə alınması, piknik zonalarına nəzarətin gücləndirilməsi əsas vacib şərtlərdəndir”.
Yaxşı olar ki, yay mövsümündə pik-nik zonalarına könüllü təbiətsevərlərdən ibarət komandalar nəzarət etsin.
Bununla yanaşı qlobal iqlim fəsadları ilə mübarizə tədbirləri, yaşıl enerjiyə keçid davam etdirilməlidir. Karbon emissiyasının azaldılmasına yönəlik təşəbbüslərə dəstək vacibdir.
“Azərbaycan bu sahədə əhəmiyyətli layihələr həyata keçirib. Ölkəmizin 3 böyük region yaşıl enerji zonası elan edilib.
Azərbaycan külək və günəş enerjisi potensialı araşdırır, regionun ən böyük bərpa olunan enerji müəssisələri bizim ölkəmizdə fəaliyyət göstərir. Planetimizin havasını daha çox çirkləndirən sənaye müəssisələri, avtomobillər daha çox iri dövlətlərin ərazisindədir.
İri dövlətlər də qlobal iqlim dəyişikliyinin fəsadlarına daha çox diqqət ayırmalı, atmosferdə karbon emissiyasının azaldılmasına, bərpa olunan enerji mənbələrinin işlənməsinə daha çox sərmayə qoymalıdır”,- deyə o fikrini yekunlaşdırıb.
Crossmedia.az