“Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 35 il ötür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib.

Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.
35 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır.

Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.

Hər il xalqımız axın-axın Şəhidlər xiyabanına gedir, 20 yanvar şəhidlərinin əziz xatirəsini yad edir, vətənin azadlığı uğrunda canından keçmiş qəhrəman oğul və qızlarının ruhuna dualar oxuyur.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin kollektivi də 20 Yanvar hadisəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

“Dendrologiya Bağı" PHŞ-nin əməkdaşları Azərbaycanın  azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Şərhini yaz