“Dendrologiya bağı” publik hüquqi şəxsin 3 əməkdaşı bələdiyyə seçkilərində iştirak edəcək
Yanvarın 29-da Azərbaycan Respublikasında növbəti yerli və seçkili idarəetmə orqanı olan bələdiyyələrə seçkilər keçiriləcək.
Seçki məntəqələri saat 08.00-da açılacaq, 19.00-a qədər davam edəcək.
Seçkilərdə 685 bələdiyyə üçün 16 096 namizəd mübarizə aparacaq.
Qüvvədə olan qanunlara əsasən bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında seçilmiş bələdiyyə üzvləri tərəfindən seçiləcək.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) 3 əməkdaşı da Yeni Azərbaycan Partiyasının siyahısı üzrə bələdiyyə seçkilərində iştirak edəcək.
“Dendrologiya bağı” PHŞ-nin “Landşaft memarlığı və sistematika” laboratoriyasının əməkdaşı Şəbnəm Əşrəfova Bakı şəhər Xəzər rayonu, Türkan bələdiyyəsi, Strateji inkişaf, Beynəlxalq əməkdaşlıq və layihələrin idarə olunması şöbəsinin əməkdaşı Oktay Aslanov Bakı şəhər Xəzər rayonu Mərdəkan bələdiyyəsi, “Ekologiya və iqlimləşdirmə laboratoriyası”nın əməkdaşı Mirhüseyn Səfərov isə Neftçala rayonu Xol Qarabucaq bələdiyyəsi üzvlüyünə namizəd olaraq seçkilərə qatılacaq.
Bələdiyyələrin təsis edilməsi, formalaşdırılması və inkişafı cəmiyyətin inkişafına töhfə verən ən mühüm amillərdən biridir. Yerli özünüidarəetmə orqanlarının əhali ilə sıx təması və qarşılıqlı uğurlu fəaliyyəti təqdirəlayiqdir.
Ulu Öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasi strategiyasının məntiqi nəticəsi olaraq Azərbaycan güclənib, inkişaf edib, öz müstəqil xarici siyasət kursu ilə beynəlxalq nüfuzunu möhkəmləndirib.
Bu gün də ölkə olaraq uğurlarımız Azərbaycan Prezidenti, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə davam edir.
“Dendrologiya bağı” PHŞ-nin seçkilərə qatılan hər 3 üzvü gəncdir. YAP sədri, cənab prezident İlham Əliyev hər zaman dövlət quruculuğu və idarəetmədə vətənpərvər, ağıllı və savadlı gənclərə önəm verib, onları irəli çəkib.
Ümid edirik ki, hər 3 əməkdaşımız seçicilərin etimadını qazanaraq bələdiyyə üzvü seçiləcək və yerli özünüidarəetmə orqanlarında uğurla fəaliyyət göstərəcək. Onların seçkilərdə uğuru həm də YAP-a olan inamın ifadəsi olacaq.
Əməkdaşlarımıza sabahkı seçkilərdə uğurlar arzu edirik.