“Dendrologiya bağı”ının əməkdaşları təltif olundu-Xəzər rayonunda “2 fevral - Azərbaycan Gəncləri Günü” qeyd olunub
Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “2 fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə bayram tədbiri keçirilib.
Mərdəkan Mədəniyyət Sarayı ilə birgə keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Soltan Məmmədov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru Samirə Bağırova və qurumun əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin nümayəndələri, rayonun ictimai-siyasi, mədəni həyatında fəal iştirak edən gənclər və Vətən Müharibəsi iştirakçıları iştirak ediblər.
Öncə mədəniyyət sarayının foyesində təşkil olunmuş sərgiyə baxış keçirilib. Sərgidə gənc rəssamların müxtəlif mövzulara həsr olunmuş əl işləri sərgilənib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu günün əhəmiyyətini vurğulayıb.
Çıxış edən Milli Məclisin deputatı Soltan Məmmədov qeyd edib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir.
Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərərək, yüksək nailiyyətlər əldə edən bir qrup gənc Xəzər Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Təşəkkürnamə ilə təltif olunub, xatirə şəkili çəkilib.
Təltif olunanlar arasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin əməkdaşları Leyla Atayeva və Şəbnəm Əşrəfova da var.
Təltiflərdən sonra tədbir konsert proqramı ilə davam edib.