“Dendrologiya bağı” PHŞ-də “Ağac əkini və bitki sağlamlığı” mövzusunda seminar keçirilib
Fevralın 25-də Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsdə (PHŞ) “Ağac əkini və bitki sağlamlığı” mövzusunda seminar keçirilib.
Seminarın moderator, “Ekologiya və iqlimləşdirmə laboratoriyasının müdiri Leyla Atayeva bildirib ki, yaşıllaşdırma və meşəsalma ilə məşğul olanlar əkin qaydaları, üsulları, təbii şəraitə və relyefə uyğun ağac seçimləri, mütləq olaraq yerinə yetirilməsi vacib sayılan texniki göstəricilər barədə məlumatlı olmalıdır.
“Meşə ekosistemləri” laboratoriyasının böyük mütəxəssisi Nicat Yarov “Ağacların əkin vaxtı və qaydaları” mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, ağac əkini üçün düzgün vaxtın seçilməsi qələmlərin sağlam böyüməsi və yüksək adaptasiya qabiliyyəti qazanması baxımından mühüm rol oynayır.
“Ağacların əkin vaxtı iqlim şəraitinə və ağac növünə görə dəyişir. Payız ayları (sentyabr – noyabr) bir çox bölgələrdə ideal əkin dövrü hesab edilir, çünki torpaq hələ isti olduğu üçün kök sisteminin inkişafına əlverişli şərait yaranır və yazda ağaclar aktiv böyüməyə başlayır. Yaz əkin dövrü (fevral – aprel) xüsusilə soyuq iqlim zonalarında daha əlverişlidir, çünki güclü küləklər və ayazlar keçdikdən sonra qələmlərin vegetasiya dövrünə uyğunlaşması üçün imkan yaranır”-deyə, o, bildirib. Mütəxəssis hesab edir ki, ağac əkininə başlamazdan əvvəl torpaq hazırlığı çox vacibdir, çünki torpağın düzgün hazırlanması bitkilərin sağlam böyüməsini və inkişafını təmin edir: “Əkin üçün ən uyğun torpaq növü orta dərəcədə qidalı, yaxşı qurudulmuş, su tutma qabiliyyətinə malik qəhvəyi və qara torpaqlardır”.
N.Yarov bildirib ki, ağac bitkiləri əkildikdən sonra mütəmadi olaraq budanmalı və sağlam inkişafı üçün işin gedişatı izlənməlidir.
“Ağacların sağlam böyüməsi və düzgün inkişafı üçün suvarma və gübrələmə vacib amillərdən biridir. Bu proseslər ağacın qida maddələrini almasına, düzgün inkişaf etməsinə və xəstəliklərə qarşı müqavimətinin artırılmasına kömək edir. Hər iki prosesin düzgün tətbiqi, ağacların uzunömürlülüyünü və məhsuldarlığını təmin edir.
Suvarma, ağacların həyat prosesləri üçün əsasdır. Yeni əkilmiş ağaclar daha çox suya ehtiyac duyur, çünki onların kök sistemi hələ tam inkişaf etməyib. Yetkin ağaclar isə daha az suya ehtiyac duyur, çünki kök sistemi daha genişdir və suyu daha yaxşı saxlayır”-deyə, o, qeyd edib.
Mütəxəssis gübrələmə haqqında da vacib bilgilər verib:
“Gübrələmə zamanı ağacın inkişaf mərhələsi nəzərə alınmalıdır. Yaxşı nəticə əldə etmək üçün, gübrə əsasən yazın əvvəli və payızın əvvəlində verilməlidir. Bu dövrlərdə ağaclar böyümə dövrünü keçirirlər və gübrə onlar üçün daha faydalıdır. Azot gübrələri, ağacların yaşıl hissələrinin böyüməsi və inkişafı üçün vacibdir. Fosfor kök inkişafını gücləndirir və çiçəklənmə dövrünü dəstəkləyir. Kalium isə ağacın xəstəliklərə qarşı müqavimətini artırır, su balansını qoruyur və meyvəli bitkilərdə məhsuldarlığı yaxşılaşdırır”.
“Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi şöbəsi”nin məsləhətçi-aqronomu Xədicə Əliyeva “İynəyarpaqlılarda rast gəlinən xəstəliklər və onlara qarşı mübarizə tədbirləri” haqqında məlumat verib.
“İynəyarpaqlı ağaclara müxtəlif zərərvericilər təsir edir, o cümlədən şam gövdə nematodu (Bursaphelenchus xylophilus), şamipəkqurdu (Dendrolimus pini), qalxanlı yastıcalar (Matsucoccus spp.), iynəyarpaqlıların qabıq böcəkləri (Ips spp., Dendroctonus spp.) vəşamiynə gənələri (Oligonychus ununguis)”.
Xədicə Əliyeva deyib ki, şam gövdə nematodu ağacın su və qida dövranını pozaraq sürətlə qurumasına səbəb olur.
“Şam ipəkqurdu iynəyarpaqları yeyərək bitkini zəiflədir. Qalxanlı yastıcalar iynəyarpaqlıların şirəsini soraraq böyüməsini ləngidir. Qabıq böcəkləri ağac gövdəsinin altına girərək kambium təbəqəsini zədələyir və nəticədə ağac məhv olur. Şam iynə gənələri isə yarpaqların rəngini dəyişdirərək fotosintezi zəiflədir və bitkinin inkişafına mane olur. Bu zərərvericilər iynəyarpaqlı meşələrə və yaşıllıqlara ciddi təhlükə yaradır İynəyarpaqlılarda nematod xəstəliyi, əsasən, torpaq nematodlarının səbəb olduğu bitki xəstəliyidir. Bu xəstəlik bitkilərin köklərində, saplarında və yarpaqlarında zədələrə yol açır”.
Mütəxəssis iynəyarpaqlılara zərər vuran pas xəstəlikləri (Rust diseases) haqqında da məlumat verib: “Pas xəstəlikləri əsasən göbələk mənşəli olub, iynəyarpaqlılar arasında geniş yayılmış xəstəliklər qrupudur. Bu xəstəliyin törədiciləri Cronartium, Coleosporium və Melampsora kimi göbələklərdir. Xəstəlik ağacın yarpaqlarında, budaqlarında və gövdəsində sarı, narıncı və ya qırmızı rəngli ləkələrin yaranmasına səbəb olur. Yoluxmuş ağaclarda fotosintez prosesi zəifləyir və nəticədə onların böyüməsi ləngiyir. Pas xəstəliyi iqlimdən asılı olaraq, xüsusilə rütubətli və yağışlı havalarda daha sürətlə yayılır”.
Seminarda iştirakçıları maraqlandıran suallara cavab verilib.