Xəzər rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Martın 7-də Xəzər rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. 
Xəzər rayon İcra Hakimiyyəti (RİH) və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatınının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallığı ilə seçilən xanımlar, şəhid ailələrinin xanım üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Namiq Əhmədov iştirakçıları salamlayıb. Bildirib ki, Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Onun sözlərinə görə, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq edir.

Daha sonra RİH başçısı Elşən Salahov bu gözəl gün münasibəti ilə şəhid anaları başda olmaqla bütün Azərbaycan qadınlarını təbrik edib. 
Onun sözlərinə görə, ölkə prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə yaradılmış real imkanlar nəticəsində müstəqil Azərbaycanın bugünkü ictimai-siyasi həyatında qadınlarımız əvəzolunmaz yeri tutur.

Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirildiyini vurğulayan Elşən Salahov deyib ki, Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova çıxışında bildirib ki, 
Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olub, daim ülvi amallarla yaşayıblar.

“Minillərlə formalaşmış mədəni-mənəvi sərvətlərimizin qorunub saxlanılmasında nəcib və gözəl analarımızın misilsiz rolu olub. 
Azərbaycan tarixində xanımlarımızın müstəsna xidmətləri var. 
Azərbaycan qadını milli dövlət quruculuğu işində fəal iştirak edib, ərazi bütövlüyümüz uğrunda mübarizədə kişilərlə çiyin-çiyinə savaşıb.
Müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhid olan minlərlə igidimiz ilk növbədə anaların yetişdirdiyi qəhrəmanlardır”-deyə, o, bildirib.

Şəhid analarına və xanımlarına, qazilərin ömür-gün yoldaşlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına xoş arzularını yetirən Samirə Bağırova deyib ki, artıq onlar bu bayramı daha qürurlu və alnıaçıq qeyd edirlər: “Çünki qəhrəman analarımızın sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyünü təmin ediblər”. 

Şəhid ailələri adından çıxış edən şəhid anaları Məleykə Məcidova və Aida İbahimova dövlətimiz tərəfindən onlara göstərilən xüsusi diqqətə və qayğıya görə prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildiriblər.

Sonda rayonun ictimai həyatında fəal iştirakına və əmək fəaliyyətində əldə edilmiş nailiyyətlərə görə bir qrup qadın Xəzər Rayon İcra Hakimiyyətinin və YAP Xəzər rayon təşkilatının “Təşəkkürnamə”ləri ilə təltif edilib, onlara gül dəstələri və bayram hədiyyələri təqdim olunub.

Şərhini yaz