Qərbi Kaspi Universitetində Strateji İnkişaf Planı müzakirə edildi

Qərbi Kaspi Universitetinin növbəti Strateji İnkişaf Planının müzakirəsi çərçivəsində tələbələrin əmək bazarına inteqrasiyası ilə bağlı tədbir keçirilib.

Tədbirdə əmək bazarının cari vəziyyəti, müasir işəgötürənlərin tələbləri və uğurlu karyera üçün tələb olunan bacarıqlar ətrafında geniş fikir mübadiləsi aparıldı.
Müzakirədə iştirak edən ekspertlər və qonaqlar müasir dövrün əmək bazarında formalaşan əsas tələbləri vurğuladılar. Bildirildi ki, işəgötürənlər namizədlərdən yalnız akademik biliklər deyil, həm də bir sıra praktiki bacarıqlar gözləyirlər.

Bunlara İnformasiya texnologiyalarına və rəqəmsal platformalara bələdlilik, mürəkkəb məsələləri təhlil etmə və effektiv həll yolları tapma qabiliyyəti, kollektivlərdə effektiv işləmə və liderlik bacarıqları, xarici dillərə yiyələnmə və beynəlxalq əmək bazarına uyğunlaşma formalaşmalıdır.

İştirak edən qonaqlar həm canlı, həm də onlayn formatda öz fikirlərini bölüşüblər. 
AMEA yüksək Texnologiyalar parkının şöbə müdiri Bünyamin Seyidov, Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) şöbə müdiri Asif Həsənov, Qarabağ Dirçəliş Fondu İnsan Resursları üzrə aparıcı mütəxəssisi Aygün Alxasova, bank direktoru Leyla Mirhəşimli, Colorit Yaradıcılıq Emalatxanası MMC-nin təsisçisi və direktoru Teymur Nəcəfzadə, Central Park Hotelin direktoru Aida Zülfüqarova,
"Bookand.travel" MMC-nin təsisçisi və direktoru Nəriman Abasov, Proes MMC-nin layihələr və əməliyyatlar uzrə direktoru Razim Məmmədov, QKU, Beynəlxalq Materialşünaslıq və Texnologiyalar Mərkəzinin direktoru, dosent Yusif Alıyev çıxış edərək tələbələrin əmək bazarına hazırlığını artırmaq üçün bir sıra təkliflər irəli sürdülər. Təkliflərdə qeyd olunur ki:

-Universitet-sənaye əməkdaşlığı gücləndirilməlidir – Praktiki biliklərin artırılması üçün müəssisələrlə daha sıx əlaqələr qurulmalı və tələbələr üçün təcrübə proqramları genişləndirilməlidir.

-İnteraktiv tədris metodları tətbiq olunmalıdır – Təhsil prosesində layihə əsaslı öyrənmə, simulyasiyalar və real iş mühitinə uyğun məşğələlər təşkil edilməlidir.

Karyera mərkəzlərinin rolu artırılmalıdır – Universitet daxilində tələbələrə karyera planlaması ilə bağlı məsləhətlər verilən mərkəzlərin fəaliyyəti genişləndirilməlidir.

Tədbirdə QKU-nun digər dövlətlərdən olan əməkdaşları ilə yanaşı xarici ekspertlərdən QKU, Bioelmlər və bioinformatika mərkəzinin direktoru, Çində yerləşən Liverpul Universitetinin  professoru Alan Kaluef, QKU, Həyat Elmləri Tədqiqat mərkəzinin direktoru prof. Rashid İqbal, Türkiyə Milli Müdafiə Universitetinin professoru Muhammet Deveci, Özbəkistan Respublikası Karşi Mühəndislik Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Alibek Eshev də müzakirələrdə iştirak ediblər.
Bu tədbir bir daha göstərdi ki, tələbələrin əmək bazarına uğurla inteqrasiyası üçün universitet və iş dünyası arasında güclü əməkdaşlıq və müasir yanaşmalar zəruridir. Qərbi Kaspi Universiteti bu istiqamətdə yeni layihələr həyata keçirməyi planlaşdırır.

 

Şərhini yaz