"Dendrologiya bağı” PHŞ-in kollektivi İlaxır çərşənbəni qeyd edib
Bu gün Azərbaycanda ilaxır çərşənbədir. Novruzun sonuncu çərşənbəsinə həm də Torpaq çərşənbəsi deyilir. Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. İlaxır çərşənbədə bağ-bostan, dirrik yerləri əkinə hazırlanır.
Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur. Həyətlərdə tonqallar qalanır, uşaqlar sevinc içində papaq atırlar, qapılar döyülür, qırmızı lentlər bağlanır.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin kollektivi ənənəsinə və milli dəyərlərə sadiq qalaraq ilaxır çərşənbə bayramını qeyd edib.
Kollektiv qarşısında çıxış edən “Dendrologiya bağı” PHŞ-in İdarə Heyətinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova bildirib ki, Novruz əsrlərin sınağından çıxan mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan milli bayramdır.
Onun sözlərinə görə, Bahar bayramı rəsmi statuslu əsl ümumxalq bayramı səviyyəsində ölkəmizin bütün guşələrində qeyd edilir.
Samirə Bağırova əməkdaşları bayram münasibətilə təbrik edib, onlara sağlamlıq və uzun ömür, ölkəmizə sülh və əmin-amanlıqla dolu il arzulayıb.
Sonra “Dendrologiya bağı” PHŞ-nin mehriban kollektivi möhtəşəm çərşənbə tonqalının ətrafında yallı gedib, yumurta döyüşdürüb, xatirə şəkilləri çəkdiriblər.
Bayramınız mübarək!