Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycan xalqı ən sevimli bayramlarından biri olan Novruz bayramını qeyd edir.

Bu, Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqının qeyd etdiyi beşinci Novruz bayramıdır.
Bu il Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarımkürəsində Yaz fəsli başlayacaq.
Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür. Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.
Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Qədim zamanlarda bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

Bəzi qədim inanclara görə, kainat dörd ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl dörd çərşənbə qeyd olunur.
Bayramınız mübarək!

Şərhini yaz