16 aprel Dünya Bioloqlar Günüdür
Hər il aprelin 16-sı Dünya Bioloqlar Günü kimi qeyd olunur. Biologiya ilk yarandığı gündən etibarən həyatın necə inkişaf etdiyini, müxtəlifliyə təsir edən bəzi amilləri, dünyada mövcud müxtəlifliyin yayılmasını, həyat hadisələrini quruluş və fəaliyyətinə əsaslanaraq araşdıran, gələcək durumu ilə bağlı proqnozlar verən elm sahəsi kimi tanınır.
Biologiya canlılar haqqında elmdir. Canlıların ən mükəmməli olan insan öz sağlamlığını qorumaq naminə biologiyanı dərindən öyrənməlidir. Çünki hansı peşə sahibi olursa olsun, hansı vəzifəyə yiyələnmiş olursa olsun insan, bədənində və ona təsir edən ətraf mühitdə gedən vacib bioloji prosesləri bilmirsə, ürəyi ilə ciyərinin yerini səhv salırsa gülüş mənbəyinə çevrilir.
Biologiya mədəniyyətimizi, sənətimizi, elmimizi, dinimizi, fəlsəfəmizi, həyati funksiyalarımızı dərk etməmizə kömək olan elmdir. Bu elm ilə məşğul olanlar isə bioloqlardır. Canlın aləmi və onunla əlaqəli bütün sistemləri araşdıran və anlayan canlıların mövcudluğunu və onların faydalılığını ortaya qoyan da məhz bioloqlardır.
Bioloq olmaq təkcə bitki və heyvanlarla məşğul olmaq deyil, həmçinin təbiətin ölməzliyinə inanaraq onu hər zaman daha yaxşı qorumağı istəməkdir. Cəmiyyətin həmişə bioloqlara ehtiyacı vardır.
Hazırda dünya üzrə bir çox ölkələrdə biologiya sahəsində səhiyyə sektorundan ətraf mühit və kənd təsərrüfatı sektoruna qədər geniş bir sahədə araşdırma və tətbiq işləri aparılır.
Dünya Bioloqlar Günü münasibəti ilə bu elm sahəsində çalışan alimləri, gənc araşdırmaçıları təbrik edir, onlara elmi axtarışlarında, yaradıcı fəaliyyətlərində uğurlar arzulayırıq.