“Dendrologiya bağı”nda “Yaşıl gələcək naminə: ətraf mühiti mühafizə edək” adlı seminar keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsdə (PHŞ) “Yaşıl gələcək naminə: ətraf mühiti mühafizə edək” adlı seminar keçirilib.

Seminarın moderatoru “Dendrologiya bağı” PHŞ “Landşaft memarlığı və sistematika” laboratoriyasının müdiri Şəbnəm Əşrəfova son illər qlobal iqlim dəyişikliklərinin ciddi fəsadlar verdiyini bildirib.

“Qlobal iqlim dəyişmələri dünyanı narahat edən ciddi problemə çevrilib.  Daha çox narahatçılıq yaradan iqlim dəyişmələrinin canlı aləmə təsiridir. İstixana qazlarının emissiyalarının artması yer səthi və atmosferin əlavə olaraq istiləşməsi ilə nəticələnir. İqlim dəyişmələri təbii ekosistemlərə, eləcə də məhsuldarlığa mənfi təsir göstərir. Bu da dünyamızı ciddi təhlükə ilə üz-üzə qoya bilər”.

“Ətraf mühitin mühafizəsində prioritet vəzifələr” mövzusunda məruzə ilə çıxış edən Şəbnəm Əşrəfova bildirib ki, yeni dövrdə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan qənaətlə istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi qarşıda prioritet vəzifə kimi durur. Onun sözlərinə görə dünya əhalisinin artması, sənayeləşmə, qlobal istiləşmə, atmosferin ozon təbəqəsinin zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə ciddi təsir edir.

Ş.Əşrəfova deyib ki, son illər bioloji müxtəlifliyin qorunması, nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin mühafizəsi, qanunsuz ovun aradan qaldırılması məqsədilə bir sıra beynəlxalq razılaşmalar əldə edilib, konvensiyalar qəbul olunub.

Sonra “Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi şöbəsi”nin əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent Murad Musayev  “Qlobal iqlim dəyişikliyi şəraitində ekosistemin qorunması yolları”  mövzusunda məruzə edib.

Atmosfer havasının çirklənməsinin əsas mənbələri kimi iri sənaye müəssisələri və daxiliyanma mühərrikləri ilə işləyən nəqliyyat vasitələri olduğunu vurğulayan M.Musayev qeyd edib ki, vəziyyətdən çıxış yolu ki, bərpaolunan enerjiyə keçid təklif edilir. Onun sözlərinə görə, son illər dünyada və ölkəmizdə bərpa olunan enerjiyə keçid istiqamətində mühüm layihələr icra olunub və qabaqcıl tərcübə əldə edilib.

“Azərbaycanın bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Azərbaycan Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını yaşıl enerji zonası elan edib. “Böyük qayıdış” proqramı çərçivəsində həyata keçirilən tikinti-quruculuq və yenidənqurma işləri ekoloji layihələrə, yaşıl texnologiyalara əsaslanır. 2020-ci il yanvarın 9-da Səudiyyə Ərəbistanın "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb”.

Sonra iştirakçıları maraqlandıran suallara cavab verilib.

Şərhini yaz