Xəzər rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində dəyirmi masa keçirilib

Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində dəyirmi masa keçirilib. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkilləri Aydın Hüseynov, Soltan Məmmədov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİHB-nın müavinləri, RİH Aparatının şöbə müdirləri və əməkdaşları, idarə və müəssisələrin rəhbərləri iştirak edib.

Xəzər RİH başçısı Elşən Salahov bildirib ki, prezidenti cənab İlham Əliyev tərəfindən bu ilin “Konstitusiya və Suverenlik İli” elan olunması təkcə hüquq sistemimizə deyil, milli şüurumuza və vətəndaş məsuliyyətimizə verilən yüksək qiymətin göstəricisidir.

“Bu il ölkəmizin hüquqi və siyasi tarixində mühüm mərhələnin dərinləşdirilməsi, milli dövlətçiliyimizin əsaslarının daha da möhkəmləndirilməsi  baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu mövzu hər birimizin gündəlik həyatına, dövlətlə münasibətlərinə və gələcək nəsillərə qoyduğumuz təməllərə birbaşa aiddir. Konstitusiyamızı qorumaq və suverenliyimizi gücləndirmək hər bir vətəndaşın borcudur. Biz bu prinsipləri yalnız tarix kimi deyil, gündəlik həyatımızda da yaşatmalı, hüquq mədəniyyətimizi inkişaf etdirməliyik. Gələcək nəsillərə daha güclü, ədalətli və azad bir Azərbaycan miras qoymaq üçün birgə çalışmalıyıq”-deyə, o, bildirib.
Tədbirdə çıxış edən millət vəkilləri Aydın Hüseynov və Soltan Məmmədov qeyd ediblər ki, tarix boyu xalqımız öz müqəddəratını təyin etmək, azad yaşamaq, milli kimliyini və hüquqlarını qorumaq uğrunda mübarizə aparıb. Qeyd olunub ki, suverenlik – sadəcə dövlət atributlarının mövcudluğu deyil, xalqın öz gələcəyini azad və müstəqil şəkildə müəyyən etmək haqqıdır. Bildirilib ki, Azərbaycanın müasir tarixində bu anlayış 1991-ci ildə müstəqilliyimizin bərpası ilə yeni mərhələyə qədəm qoydu. Lakin bu suverenliyin tam reallaşması üçün hələ uzun və çətin yol keçmək lazım oldu. Ərazi bütövlüyümüzün təmin olunması, Qarabağın işğaldan azad edilməsi bu yolda ən mühüm dönüş nöqtəsi oldu. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar, hüquqi sistemin təkmilləşdirilməsi və vətəndaş cəmiyyətinin gücləndirilməsi bu istiqamətdə atılan əhəmiyyətli addımlardandır.
Daha sonra YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis mayoru Xəyalə Həsənova, Mərdəkan bələdiyyəsinin üzvü, 156 №li tam orta məktəbin tarix müəllimi Mənzər Ağabəyova öz çıxışlarında bildiriblər ki, Konstitusiya – dövlətin əsasıdır.

“Əsas Qanun hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunmasının, ədalətli cəmiyyətin formalaşmasının başlıca təminatıdır. Biz bu gün istənilən sahədə – təhsil, səhiyyə, sosial müdafiə və digər istiqamətlərdə Konstitusiyaya əsaslanan hüquqlarımızdan istifadə edirik”-deyə, vurğulanıb. Həmçinin natiqlər, istər sovet dövründə, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik edən və ömrünü öz xalqına həsr edən Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Konstitusiyasının yaranmasında xüsusi xidmətlərinin olduğunu da tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Qeyd olunub ki, Əsas Qanun Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğuna, ictimai-siyasi, iqtisadi və mədəni həyatın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərib.

“Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra xalqımızın qarşısında duran ən mühüm problem - ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  2020- ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. 2023-cü ilin sentyabrın 20-də lokal antiterror tədbirləri isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası prosesində son nöqtəni qoydu”-deyə, qeyd olunub.

Şərhini yaz