9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.
Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur.
May ayının 9-u ölkədə qeyri-iş günüdür.
1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.
Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.
İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.