LDU-da “Bioloji müxtəlifliyin qorunması və ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) “Bioloji müxtəlifliyin qorunması və ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa doğru” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov  konfransın qloballaşan dünyanın ən vacib problemlərinə həsr olunduğunu deyib, ekoloji tarazlığın qorunmasını bəşəriyyətin xilası adlandırıb.
LDU-nun Təbiyyat fakültəsinin dekanı, dosent Ramiz Şəmmədov “Biomüxtəlifliyin qorunması və dayanıqlı sosial-iqtisadi inkişaf” mövzusunda geniş məruzə edib.

Məruzə ətrafında Kafkas (Kars) Universitetinin professoru professor Yavuz Öztürkler, LDU-nun “Biologiya və ekologiya” kafedrasının müdiri, dosent Məmmədhüseyn Hüseynov çıxış ediblər.
Plenar iclasdan sonra konfrans işini bölmələrdə davam etdirib. “Ekoloji dayanıqlıq və alternativ inkişaf”, “Biomüxtəlifliyin qorunması və dayanaqlı inkişaf” bölmələrində 100-dən artıq tezis dinlənilib.

Beynəlxalq elmi konfransda bütövlükdə ABŞ, Rusiya, Böyük Britaniya, İtaliya, Türkiyə, Qazaxıstan və s. 10 ölkədən tədqiqatçılar iştirak edib.
Qeyd edək ki, ölkənin 20-yə yaxın ali təhsil müəssisəsindən və elmi təşkilatlardan olan tədqiqatçılar LDU-dakı Beynəlxalq elmi konfransa onlayn və oflayn formatda qatılıblar.

Beynəlxalq elmi konfransa qatılan Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin “Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi şöbəsi”nin əməkdaşı Xədicə Əliyeva “Sarağan bitkisinin əhəmiyyəti və yayılma arealı” mövzusunda çıxış ediblər.

Şərhini yaz