Azərbaycanda Müstəqillik Günü qeyd olunur

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 107 il ötür.
Bu bayram artıq 5-ci ildir ki, işğaldan azad edilən ərazilərdə də qeyd olunur.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyasının süqutu ilə ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb.
Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi, dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski olub. Milli Şura 10 gün Tiflisdə fəaliyyət göstərdikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-rus qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.
Müstəqil Azərbaycan Cümhuriyyəti 23 aylıq mövcudluğu ərzində böyük nailiyyətlər və qalibiyyətlər əldə edib.

Qadınlara ilk dəfə seçki hüququnun verildiyi və qadın-kişi bərabərliyinin təmin edildiyi Cümhuriyyətdə milli ordu quruculuğu, Milli Bankın yaradılması və milli valyutanın tətbiqi, demokratikləşmə, azad seçkilərin təşkili istiqamətində son dərəcə mühüm addımlar atıldı. Azərbaycanın ilk elm məbədi Bakı Dövlət Universiteti də milli hökumətin dövründə-1919-cu ildə yaradılıb. 1918-ci il noyabrın 9-da M.Ə.Rəsulzadənin təklifi əsasında AXC-nin üçrəngli dövlət bayrağı qəbul edilib. 
AXC gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə öz mövcudluğunu cəmi 23 ay qoruya bildi. 

Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası heç vaxt yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi.
Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.

Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Milli Məclisin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. 
Azərbaycanda Müstəqillik Günü qeyri-iş günüdür və hər il bayram kimi qeyd olunur.