“Dendrologiya bağı” PHŞ-nin aparıcı mütəxəssisi Laçın rayonunda ezamiyyətdə olub
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) “Dendroxronologiya” laboratoriyasının aparıcı mütəxəssisi Şəlalə Məmmədova “Şərqi Zəngəzur iqtisadi rayonu üzrə yayılmış ən yaşlı növlərin bioekoloji xüsusiyyətlərinin öyrənilməsi və dendroxronoloji tədqiqi” ilə əlaqədar 21-25 iyul 2025-ci il tarixində Laçın rayonunda ezamiyyətdə olub.
Ərazidə çöl tədqiqatı iyulun 21-də başlanıb.
Tədqiqatın ilkin mərhələsində əsas hədəf əvvəlcədən hazırlanmış plan-proqrama uyğun olaraq Laçın rayon ərazisi üzrə xüsusi meşə örtüklərinin yayıldığı subalp çəmənliklərinin aşağı sərhədlərində geniş şəkildə inkişaf etmiş və meşə örtüyü əmələ gətirmiş bəzi növlərin tədqiqatı olub.
Dəniz səviyyəsindən təxminən 1700 metr yüksəklikdə yayılmış Ağbulaq meşə təsərrüfatı ərazisində çay ətrafı sıx meşəlik formalaşdıran növlərdən, o cümlədən digər ərazilərdə daha üstünlük təşkil edən dominant növlərdən nümunələr götürərək ərazidə koordinatlara bağlı nöqtələrdə işlər yerinə yetirilib.
Qeyd edək ki, 1960-cı illərdə göstərilən statistik məlumatlara görə, Şərqi Zəngəzur iqtisadi rayonunun Laçın bölgəsinin ərazisinin 30 faizinə yaxını meşə ilə örtülü olub. Hazırda meşə örtüyü müxtəlif səbəblərdən, əsasən işğal faktoru ilə əlaqədar seyrəkləşib. Qeyd edək ki, ərazi 1992-ci ildən 2020-ci ilə qədər Ermənistan silahlı qüvvələrinin işğalı altında qalıb.
“Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) əməkdaşının apardığı vizual müşahidələrdən məlum olub ki, müxtəlif qiymətli meşə ərazisində (təxminən 80 kilometr qət edilən yolboyu müşahidələr aparılıb-red) fraqmental meşə qırıntıları, xüsusi endem növlərin məhv olması, meşədə böyük talaların əmələ gəlməsi kimi meşə terroru demək olar ki, işğal faktoru ilə əlaqədardır.
Aparılan müşahidəyə görə, 1900-cü illərin əvvəllərində Laçın rayonunun Bozdu kəndi ətrafında salınmış aqro meşə başdan - başa məhv edilib.
Əməkdaşımızın tədqiqat apardığı ərazi subalp çəmənliklərinin aşağı sərhədindən başlanıb.
Laçın rayon üzrə subalp çəmənliklər və meşənin yuxarı sərhəddi faktiki çox ciddi şəkildə heyvandarlıqda istifadə olunur.
Tədqiqatın əsas məqsədi bu ərazilərdə antropogen amilin otlaq - örüş sisteminin meşə örtüyünə gələcəkdə təsirini dəqiqləşdirmək, monitorinq aparmaqla yay otlaqları ilə meşə sərhəddinin nə dərəcədə antropogen təsirə məruz qalacağını, iqlim dəyişkənliyi və digər faktorların təsirini proqnozlaşdırılması və bununla əlaqədar müəyyən tədbirin görülməsi üçün tövsiyyələrin irəli sürülməsidir.
Tədqiqat zamanı Ağbulaq meşə massivi ərazisində yerləşən çay ətrafında sıx inkişaf etmiş söyüd, ondan 300 m hündürdə yayılan göyrüş, çinaryarpaq ağcaqayın ağaclarından dendroxronoloji nümunələr götürülmüşdür.
|
Tədqiq olunan növlər |
Gövdə diametri |
Sahə koordinatları |
Növün inkişafa başladığı tarix |
Ağacın yaşı |
|
Salix alba ( Ağ söyüd) |
114 sm |
39̊ 46̍ 29. 65̎ C 46̊ 15̍ 23. 93̎ B |
|
|
|
Salix alba (Ağ söyüd) |
128 sm |
39̊ 46̍ 29. 65̎ C 46̊ 15̍ 23. 93̎ B |
|
|
|
Fraxinus excelsior (Adi göyrüş) |
113sm |
39̊ 46̍ 45. 24̎ C 46̊ 16̍ 18. 52̎ B |
|
|
|
Fraxinus excelsior (Adi göyrüş) |
96 sm |
39̊ 46̍ 45. 24̎ C 46̊ 16̍ 18. 52̎ B |
|
|
|
Acer pseudoplatanus (Çinar yarpaqlı ağcaqayın) |
107 sm |
39̊ 46̍ 45. 24̎ C 46̊ 16̍ 18. 52̎ B |
|
|
Nəticə olaraq onu bildirmək istərdik ki, hazırda bu ərazilərdə “Qarabağa böyük qayıdış” proqramı çərçivəsində xüsusi infrastruktur layihələri icra edilir.
Əhalinin yay otlaqları kimi əraziləri istifadə etməsi, o cümlədən insanların dədə-baba yurduna qayıtması ilə əlaqədar olaraq müxtəlif kəndlərdə fraqmental şəkildə yerləşməsi gələcəkdə bu ərazilərdə aparılan tədqiqatların əhəmiyyətini daha da artıracaq.
Eyni zamanda bu ərazilərdə yayılan meşələrin qorunmasında onların monitorinqinin həyata keçirilməsində qiymətli növlərin sayının dinamikasının öyrənilməsində mühüm rol oynayacaq.