"Dendrologiya bağı"nda ilk dəfə olaraq Ruspolia seticalyx (C.B. Clarke) Milne-Redh. növü introduksiya olunmuşdur
1 aprel 2024-cü il tarixində Slovakiyanın P.J. Safarik Universitetinin Botanika Bağından əldə edilmiş Ruspolia seticalyx (C.B. Clarke) Milne-Redh. toxumları Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) “Ekologiya və iqlimləşdirmə” laboratoriyası tərəfindən ilk dəfə olaraq introduksiya edilmişdir.
Vətəni Afrika olan və Kongo, Tanzaniya, Madaqaskar kimi ölkələrdə yayılan bu növ Acanthaceae fəsiləsinə aid, 0,5-1,2 m hündürlükdə dekorativ kol formasına malikdir.
Növün toxumlarından 12 may 2024-cü ildə ilk cücərtilər əldə olunmuş, aparılan biometrik ölçmələrdə yarpaq uzunluğu 14 sm, eni 10 sm, bitki boyu isə 40 sm qeydə alınmışdır. 18 iyul 2024-cü ildən etibarən fərdlər açıq sahəyə köçürülmüş, ana bitkidən toxum nümunələri götürülümüş və növbəti il tədqiqatlar davam etdirilmişdir.
2025-ci ildə həm toxum, həm də vegetativ üsulla çoxaldılma işi aparılmış, gövdə kəsiyindən yeni sağlam fərd əldə olunmuşdur.
2024-2025-ci illəri əhatə edən ikiillik müşahidələrimiz növün Abşeron şəraitinə yüksək uyğunlaşma göstərdiyini təsdiq etmişdir. İlk ildə bitki boyu 28-30 sm olduğu halda, açıq sahəyə köçürüldükdən sonra 2025-ci ildə 36 sm-ə qədər inkişaf etmiş, yan budaqların sayı artmış və çətir genişlənmişdir.
Estetik göstəricilərinə görə tək və qrup əkinlərində istifadə potensialı tədqiq edilmiş, tam günəşli şəraitdə bol çiçəklənmə müşahidə olunmuş, bitkinin quraqlığa və yüksək temperatura davamlı olduğu müəyyən edilmişdir.
Əldə olunan tədqiqat nəticələri Ruspolia seticalyx növünün Abşeronda kultivasiyasının həm dekorativ landşaft dizaynı, həm də ekoloji uyğunlaşma baxımından yüksək perspektivə malik olduğunu göstərir.