“Dendrologiya bağı” PHŞ-in əməkdaşları Azərbaycan Elm Fondu 2025-ci ilin Əsas Qrant Müsabiqəsinin qalibi olub

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) “Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi” şöbəsinin baş aqronomu, biologiya üzrə fəlsəfə doktoru, dosent Murad Musayevin rəhbərlik etdiyi “Azərbaycan Respublikası ərazisində şoranlaşmış torpaqların amarant bitkisi vasitəsi ilə bərpasının iqtisadi və ekoloji səmərəli texnologiyasının işlənib hazırlanması” layihəsi Azərbaycan Elm Fondu 2025-ci ilin Əsas Qrant Müsabiqəsinin qalibi olub.

Təqdim edilən layihə böyük vəsait sərf etmədən müasir səmərəli üsulla - fitomeliorativ vasitə olaraq amarant bitkisinin seçilmiş növlərinin istifadəsi və araşdırılması nəzərdə tutulur.

Layihə çərçivəsində aşağıdakı nəticələrin əldə olunması nəzərdə tutulur.:

-Respublikanın torpaqlarında mövcud olan şoranlaşma probleminin aradan qaldırılması üçün amarant bitkisini tətbiq etməklə bərpa texnologiyasının işlənməsi və təklif edilməsi;

-təbii mənşəli biopreparatların bitkinin məhsuldarlığına stimullaşdırıcı təsirinin müəyyən olunması zəminində yeni texnologiyaların, yem bazasının, emal müəssisələrinin və istehsal sahələrinin formalaşdırılması;

-bitkinin müxtəlif hissələrindən yeni müalicə preparatları, ekstrakt və içkilərin alınması imkanlarını nəzərə alarq təkliflərinin hazırlanması;

-işlənib hazırlanmış yeni bioloji bərpa texnologiyasının müxtəlif şoranlaşmış torpaqlara tətbiqinin mümkünlüyü haqqında metodik göstərişlərin hazırlanması;

-işsizlik probleminin həllinə yardım üçün müvafiq aqroparkların yaradılması təklifinin işlənilməsi.

Təqdim edilən layihənin Respublikanın əsasən Aran bölgəsində şoranlaşmaya məruz qalan torpaq sahələrində həyata keçirilməsi nəzərdə tutulur.