"Dendrologiya Bağı” PHŞ-də illik hesabat yığıncağı: şöbə və laboratoriyaların təqdimatları qənaətbəxş hesab edilib

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) İdarə Heyətində, İdarə Heyəti sədrinin müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırovanın rəhbərliyi ilə şöbə və laboratoriyaların illik hesabatları dinlənilib.

Dendrologiya Bağının “Landşaft memarlığı və sistematika” laboratoriyasının illik hesabatı baş mütəxəssis Şəbnəm Əşrəfova tərəfindən təqdim edilib. Qeyd olunub ki, laboratoriyada 2025-ci ildə elmi-tədqiqat işləri 2 iş və 4 mərhələ üzrə aparılıb.

Təqdimatda Abşeron yarımadasında ətraf mühitin, ekoloji tarazlığın qorunmasını təmin etmək məqsədilə yaşıllaşdırmada yerli torpaq-iqlim şəraitinə davamlı ağac və kol bitkilərinin seçilməsi, introduksiyası, bioekoloji xüsusiyyətlərinin öyrənilməsi və becərilməsinin yeni aqrotexniki üsullarının işlənib hazırlanması istiqamətində aparılmış elmi-tədqiqat işlərinin nəticələri əks olunub.

“Ekologiya və İqlimləşdirmə” laboratoriyasının illik hesabatı laboratoriya müdiri Leyla Cavadova tərəfindən təqdim edilib. Məlumat verilib ki, laboratoriyanın mütəxəssisləri tərəfindən cari ildə 1 iş və 3 mərhələ üzrə elmi-tədqiqat aparılıb.

“Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi” şöbəsinin cari il ərzində tədqiqat işlərini şöbə müdiri b.ü.f.d, dosent Aqil Qasımov təqdim edib. Qeyd olunub ki, tədqiqat işi 4 mərhələ üzrə icra edilib. 

“Meşə eksosistemləri” laboratoriyasının illik hesabatını baş mütəxəssis Ulduz Əlizadə təqdim edib. Bildirilib ki, laboratoriyada 2025-ci ildə elmi-tədqiqat işləri 3 iş və 2 mərhələ üzrə aparılıb. Tədqiqat işinin həyata keçirilməsi məqsədilə Lənkəran-Astara iqtisadi-coğrafi rayonu ərazisində ekosistem əhəmiyyətli bitkilərin xarakteristikasının öyrənilməsi və yayılmasının monitorinqi həyata keçirilib.

"Dendroxornologiya” laboratoriyasının illik hesabatı aparıcı mütəxəssis Aydan Ağamalıyeva tərəfindən təqdim olunub. Qeyd edilib ki, laboratoriyada elmi tədqiqat işləri 1 iş və 3 mərhələ üzrə aparılıb. Təqdimatda Böyük Qafqazın qərb hissəsində (Şəki rayonu), Şərqi Zəngəzurda (Laçın, Ağbulaq) və Hirkan florasında (Xanbulan) aparılan tədqiqatlar öz əksini tapıb.

“Təsərrüfat əhəmiyyətli bitkilər” laboratoriyasının illik hesabatı baş mütəxəssis Şənay Albalıyeva təqdim edilib. Qeyd olunub ki, laboratoriyada 2025-ci ildə elmi-tədqiqat işləri üzrə 4 mərhələdə aparılıb. Təqdimatda Abşeron yarimadasında təbii ve mədəni şəraitdə becərilən ağac -kol bitkilərinin təsərrüfat əhəmiyyəti və sənayenin müxtəlif sahələrində istifadəsi əks olunub.

Sonda təqdim olunan hesabatlarla bağlı müzakirələr aparılıb, irad və təkliflər bildirilib.

Bütövlükdə “Dendrologiya bağı” PHŞ-nin şöbə və laboratoriyalarının illik hesabatları qənaətbəxş hesab edilib.