AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qarabağ florası” kitabının təqdimatı olub
Dekabrın 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun şanlı Zəfərə ithaf etdiyi “Qarabağ florası” kitabının təqdimat mərasimi keçirilib.
Elm və Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin maliyyə dəstəyi ilə nəşr edilən kitabın müəllifi və redaktoru Botanika İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevadır.
Təqdimat mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) İdarə Heyəti sədrinin müavin, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova, botanik alimlər, ali təhsil müəssisələrinin təmsilçiləri, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq təbiətşünas alimlərin çoxillik tədqiqatlarının nəticəsi olan “Qarabağ florası” kitabının elmi əhəmiyyətini vurğulayıb. O, nəşrdə Qarabağ və Şərqi Zəngəzur ərazilərinin bitki aləminin elmi təsnifat əsasında bütün dövrlər üzrə obyektiv xəritəsinin yaradıldığını bildirib.
AMEA rəhbəri Biologiya və Tibb Elmləri Bölməsinin alimləri tərəfindən Azərbaycan Respublikasının “Qırmızı kitab”ının hazırlanması istiqamətində ölkə ərazisində nadir bitki növlərinin, heyvanlar aləminin diqqətlə araşdırıldığını və ciddi tədqiq edildiyini diqqətə çatdırıb.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş Qarabağ ərazisinin bitki örtüyünü əhatə edən əsərin qiymətli elmi mənbə olduğunu qeyd edib.
Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova bildirib ki, Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərdən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra botanik alimlər tərəfindən həmin ərazilərdə genişmiqyaslı tədqiqatlar aparılıb.