Dendrologiya bağında bitkilərdə inkişaf dinamikasını izləmək məqsədilə monitorinq aparılıb
“Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) “Dendroxronologiya” və “Meşə ekosistemi” laboratoriyalarının əməkdaşları tərəfindən 16 mart 2026-cı il tarixində Pinus Eldarica Medw., Pinus halapensis Mill. və Quercus castaneifolia C.A.Mey növlərində yaş sinfinə görə inkişaf dinamikasını izləmək və hər mərhələdə fərqli aqrotexniki qulluq tədbirləri seçmək məqsədilə monitorinq aparılmışdır.
Monitorinq zamanı tədqiqat aparılan hər bir növün diametrə görə orta illik artımı təyin olunmuşdur.
Mərdəkan ərazisinin spesifik ekoloji şəraitində aparılan tədqiqat nəticəsində müəyyən edilmişdir ki, öyrənilən növlər arasında Pinus halepensis diametr artım tempinə görə mütləq üstünlüyə malikdir.
Dendroxronoloji baxımdan bu göstərici növün ərazinin rütubət və dəniz iqlimi resurslarını yüksək dərəcədə mənimsəyərək sürətlə oduncaq kütləsinə çevirdiyini sübut edir.
Mərdəkanın spesefik iqlimini (quru yay, güclü xəzri küləyi, qumlu torpaq), əldə olunmuş artım rəqəmlərini nəzərə alaraq “Meşə ekosistemləri” laboratoriyası tərəfindən illik aqrotexniki qulluq təqvimi tərtib edilmişdir.