“Dendrologiya Bağı” PHŞ ilə Gəncə Nəbatat bağı arasında toxum mübadiləsi həyata keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxslə ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəbatat bağı (Gəncə bölməsi) arasında bitki biomüxtəlifliyinin qorunması və elmi əməkdaşlığın genişləndirilməsi məqsədilə toxum mübadiləsi həyata keçirilib.
Mübadilə çərçivəsində “Dendrologiya Bağı” PHŞ-nin “Meşə ekosistemləri” laboratoriyasının əməkdaşları tərəfindən bir sıra dekorativ və nadir bitki növlərinə aid toxumlar bağın istifadəsinə təqdim olunub.
Təqdim edilən toxumlar aşağıdakı növləri əhatə edir: Koelreuteria bipinnata (yalançı sabunağacı), Quercus ilex (daş palıdı), Xanthoceras sorbifolium (üçəzyarpaq çaqqalqozu), Genista hispanica (ispani nazı), Callistemon lanceolatus (neştəryarpaq kallistemon) və Leucaena pulverulenta (ağcabaşcıqlı mimoza).
Sözügedən toxumların institutun kolleksiya sahələrində yetişdirilməsi, introduksiyası və elmi tədqiqatlarda istifadəsi nəzərdə tutulur. Bu təşəbbüs bitki müxtəlifliyinin qorunmasına, yeni növlərin sınaqdan keçirilməsinə və elmi əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir.
Qeyd edək ki, bu kimi əməkdaşlıq təşəbbüsləri botanika və dendrologiya sahəsində aparılan elmi tədqiqatların inkişafına, eyni zamanda nadir və perspektivli bitki növlərinin yayılmasına mühüm töhfə verir.