Bu gün Novruz bayramıdır

Bu gün Azərbaycan xalqı ən sevimli bayramlarından biri olan Novruzu qeyd edir.
Bu il yaz fəsli Azərbaycana 20 mart, Bakı vaxtilə saat 18:45:53-də  daxil olacaq.
Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarımkürəsində Yaz fəsli başlayacaq.
Şimal yarımkürəsində Yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək.
Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür. Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.
Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Azərbaycanda baharın gəlişini, təbiətin oyanışını və insan ruhunun yenilənməsini simvolizə edən Novruz bayramı böyük coşqu ilə qeyd olunur. Minilliklərin yaddaşından süzülüb gələn bu müqəddəs gün xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini və birlik ruhunu özündə birləşdirir.
Novruz bayramı yalnız bir təqvim hadisəsi deyil, həm də həyatın yenidən başlanğıcıdır. Qışın sərtliyi arxada qalır, torpaq nəfəs alır, ağaclar tumurcuqlayır, çaylar buzdan azad olur. İnsanlar da təbiətlə birlikdə yenilənir, qəlblər saflaşır, kin-küdurət unudulur.
Dörd çərşənbə – su, od, yel və torpaq çərşənbələri xalqımızın qədim dünyagörüşünü əks etdirir. Hər çərşənbə insanı təmizlənməyə, yenilənməyə və təbiətlə harmoniyada yaşamağa səsləyir.
Bayram süfrələri bu gün xüsusi rəngarəngliyi ilə seçilir. Səməni bolluğun, yaşıl həyatın rəmzi kimi süfrələrin baş tacıdır. Şirniyyatlar – şəkərbura, paxlava, qoğal – xalqımızın zəngin mətbəxinin və estetik zövqünün göstəricisidir. Hər bir evdə qonaqpərvərlik hökm sürür, insanlar bir-birini ziyarət edir, küsülülər barışır.
Axşam saatlarında tonqallar qalanır, insanlar alovun üzərindən tullanaraq köhnə ilin ağırlıqlarını “odda yandırırlar”. Bu qədim adət həm də insanın mənəvi təmizlənməsinin simvoludur.
Novruz bayramı cəmiyyətimizdə həm də birlik və həmrəylik bayramıdır. Bu gün insanlar bir-birinə sevgi, mərhəmət və xoş niyyətlə yanaşırlar. 
Qoy, bu bahar ölkəmizə, dünyamıza sülh, sevinc, ruzi-bərəkət və firavanlıq gətirsin.
Bayramızınz mübarək!