“Dendrologiya Bağı” PHŞ-nin əməkdaşlarının iştirakı ilə iməcilik keçirilib
Martın 30-da Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) əməkdaşlarının iştirakı ilə təmizlik və abadlıqla bağlı iməcilik keçirilib.
Səhər saatlarından başlanan iməcilik zamanı bağda və ətraf küçələrdə təmizlik və abadlıq işləri aparılıb.
S.Yesenin küçəsində səkilərin kənarı, yol kənarındakı məhəccərlər, bordyurlar və işıq dirəkləri təmizlənib, park və istirahət yerlərində oturacaqlar, ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb. Ağacların qurumuş budaqları budanıb, məişət tullantıları toplanılıb.
“Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin kollektivi tərəfindən iməcilik tədbirləri mütəmadi olaraq davam etdiriləcək.
Qeyd edək ki, bu kimi abadlıq və yaşıllaşdırma aksiyalarının Bakı şəhərinin bütün rayonlarında keçirilməsi və mövsüm ərzində yaşıllıqlara qulluq göstərilməsi və təmizlik tədbirlərinin görülməsi nəzərdə tutulur.
Bu cür aksiyaların keçirilməsi, təmizlik və abadlıq işlərinin görülməsi, yeni yaşıllıqların salınması Bakı şəhərinin daha da abadlaşdırılmasına töhfə verəcək.