“Dendrologiya bağı” PHŞ-nin tədqiqat sahələrində yeni növlərin introduksiyası həyata keçirilir

“Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, biomüxtəlifliyin qorunması və zənginləşdirilməsi istiqamətində beynəlxalq əməkdaşlıq çərçivəsində yeni bitki növlərinin iqlimləşdirilməsi həyata keçirilmişdir.

“Dendrologiya bağı” PHŞ-in “Ekologiya və iqlimləşdirmə” laboratoriyasının mütəxəssisləri tərəfindən beynəlxalq əməkdaşlıq çərçivəsində ABŞ-ın Koliforniya ştatında fəaliyyət göstərən Kaliforniya Universitetinin Botanika Bağından (University of California Botanical Garden) əldə olunmuş Cypella coelestis Diels., Tigridia orthantha Ravenna., Fritillaria affinis Sealy., Nothofagus antarctica Oerst., Abies bracteata Poit., Calycanthus occidentalis Hook., Rhododendron columbianum Harmaja., Vaccinium cespitosum Michx., Cercis occidentalis Torr., Lilium kelleyanum Lemmon., Fremontodendron californicum Coville., Abies concolor Lindl., Cercocarpus ledifolius var. intermontanus N.Hol., Darlingtonia californica Torr., Heuchera micrantha Dou. növlərinin toxumları 13 aprel 2026-cı il tarixində istixana şəraitində (Temperatur 11 oC, nisbi rütubət 75%) əkilmişdir.

İntroduksiya edilən toxumlar soyuq iqlim şəraitinə uyğun növlər olduğundan, cücərmə qabiliyyətinin artırılması məqsədi ilə əvvəlcədən aşağı temperatur şəraitində stratifikasiya olunmuşdur.

Növlərin üzərində fenoloji müşahidələrin aparılması, onların yerli torpaq-iqlim şəraitinə uyğunlaşma xüsusiyyətləri öyrənilməsi, eləcə də perspektivli növlərin yaşıllaşdırma və landşaft memarlığında tətbiq imkanlarının qiymətləndirilməsi nəzərdə tutulur.