“Dendrologiya Bağı” PHŞ mütəxəssisləri beynəlxalq elmi konfransda iştirak ediblər
“Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) “Ekologiya və İqlimləşdirmə laboratoriya”sının əməkdaşları 13 aprel 2026-cı il tarixində Rusiya Federasiyasının Moskva şəhərində Peoples' Friendship University of Russia (RUDN University) və Charity Fund “Revival of Nature” (Təbiətin Dirçəlişi Xeyriyyə Fondu) tərəfindən birgə hibrid formatda təşkil olunan, Universitetin Ətraf Mühit Mühəndisliyi İnstitutunda keçirilən “ESPI-2026” Gənclər Beynəlxalq Elmi Konfransında onlayn formatda iştirak ediblər.
Konfrans çərçivəsində əməkdaşlar tərəfindən Abşeron yarımadasında mövcud olan aktual ekoloji problemlərə həsr olunmuş “Prospects of plant species and bioecological aspects in oil-contaminated saline soils of the Absheron Peninsula” (“Abşeron yarımadasının neftlə çirklənmiş şoran torpaqlarında bitki növlərinin perspektivləri və bioekoloji aspektlər”) adlı məqalə təqdim olunmuşdur.
Tədqiqat işində Abşeron yarımadasında geniş yayılmış şoranlaşma və neftlə çirklənmə şəraitində bitki növlərinin bioekoloji xüsusiyyətləri araşdırılıb, müxtəlif ağac və kol növlərinin bu mürəkkəb ekoloji şəraitə uyğunlaşma imkanları qiymətləndirilib.
Eyni zamanda torpağın fiziki-kimyəvi xüsusiyyətlərində baş verən dəyişikliklərin bitki inkişafına təsiri təhlil edilmiş və ekosistemin bərpası üçün uyğun növlərin seçilməsinin əhəmiyyəti vurğulanıb.
Tədqiqatın nəticələri göstərir ki, duza və quraqlığa davamlı bitki növlərinin seçilməsi, həmçinin torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması Abşeron yarımadasında ekoloji tarazlığın bərpası və torpaq məhsuldarlığının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Beynəlxalq elmi platformada təqdim olunan bu tədqiqat işi ölkəmizdə aparılan ekoloji tədqiqatların beynəlxalq səviyyədə tanıdılmasına və gələcək əməkdaşlıqların qurulmasına töhfə verir.
Konfransda fərqlənən əməkdaşlar sertifikatla təltif olunub.