Dendrologiya bağına Şərq çinarı-Platanus orientalis L. introduksiya olunub

31 mart 2026-cı il tarixində Gəncə şəhərindən gətirilmiş 5 ədəd Şərq çinarı- (Platanus orientalis L.) Dendrologiya bağının kolleksiya fonduna daxil edilib. Növ “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) “Meşə ekosistemləri” laboratoriyasının əməkdaşları tərəfindən introduksiya olunub.
Mütəxəssislərin bildirdiyinə görə, Şərq çinarı yüksək adaptasiya qabiliyyətinə malik olmaqla yanaşı, şəhər mühitində mikroiqlimin tənzimlənməsi və havanın keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır.
Qeyd edək ki, introduksiya prosesi aqrotexniki və fitosanitar tələblərə uyğun şəkildə həyata keçirilib. İlkin müşahidələr bitkinin yeni mühitə uğurla uyğunlaşdığını göstərir.
Bu addım nadir və qiymətli bitki növlərinin qorunması, eləcə də ölkədə biomüxtəlifliyin zənginləşdirilməsi baxımından əhəmiyyətli hesab olunur.