Zaqataladan gətirilən Şeferdiya bitkisi Dendrologiya bağına introduksiya olunub

31 mart 2026-cı il tarixində Azərbaycanın Şimal-Qərb bölgəsindən – Zaqatala rayonundan gətirilən Şeferdiya (Shepherdia argentea (Pursh) Nutt.) bitkisi Dendrologiya bağının kolleksiyasına daxil edilib.

Qeyd edək ki, “Gümüşü şeferdiya” adı ilə tanınan Şeferdiya (Shepherdia argentea (Pursh) Nutt.) bitkisi vitamin və minerallarla zəngin təbii mənbə kimi diqqət çəkir. 
“Dendrologiya Bağı” publik hüquq şəxsin (PHŞ) “Təsərrüfat əhəmiyyətli bitkilər” laboratoriyasının əməkdaşları tərəfindən gətirilən bitkinin 10–15 sm uzunluğunda qələmləri humusla zəngin torpaqla doldurulmuş dibçəklərə əkilib. 
İstixana şəraitində saxlanılan bitkilərə müntəzəm aqrotexniki qulluq göstərilib (temperatur 17°C, nisbi rütubət 72%). 
Aprelin 14-də bitkilərdə ilk tumurcuqlanma müşahidə olunub.
Qeyd edək ki, Shepherdia argentea İydəkimilər (Elaeagnaceae) fəsiləsinin Şeferdiya cinsinə aiddir. Bitkinin meyvələri qida məqsədilə istifadə olunur, turş dada malikdir və qırmızı rəngi üzərində ağ ləkələrlə seçilir.

Tərkibində karotenoidlər, antosiyaninlər, katexinlər və taninlər kimi bioaktiv maddələr mövcuddur ki, bu da qan damarlarının elastikliyinin artırılmasına müsbət təsir göstərir.
Bitkinin toxumlarında 8–10% yağ mövcuddur.

Bundan əlavə, köklərində yaşayan azot toplayan bakteriyalar torpağın münbitliyini artıraraq təbii gübrə funksiyası yerinə yetirir.
Hazırda növ üzərində fenoloji müşahidələrin aparılması, dərman və təsərrüfat əhəmiyyətinin araşdırılması planlaşdırılır.

Eyni zamanda, gələcəkdə bitkinin yarpaqlarından efir yağlarının alınması və kimyəvi tərkibinin öyrənilməsi də nəzərdə tutulur.