Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti qurulub.

Məhəmməd Əmin Rəsulzadə və silahdaşları tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi, dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli xan Xoyski olub. Milli Şura 10 gün Tiflisdə fəaliyyət göstərdikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-rus qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.

Müstəqil Azərbaycan Cümhuriyyəti 23 aylıq mövcudluğu ərzində böyük nailiyyətlər əldə edib. Müsəlman şərqində ilk dəfə olaraq qadınlara seçki hüququ verilib, qadın-kişi bərabərliyi təmin edilib, milli ordu və  Milli Bank yaradılıb, milli valyuta tətbiq edilib. Həmçinin demokratikləşmə, azad seçkilərin təşkili istiqamətində mühüm addımlar atıldı. Beynəlxalq əlaqələrin qurulması və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının de-fakto tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahatların həyata keçirilməsi və sair işlər müstəqil Azərbaycan Cümhuriyyətinin tarixi uğurları idi.

1918-ci il noyabrın 9-da M.Ə.Rəsulzadənin təklifi əsasında AXC-nin üçrəngli dövlət bayrağı qəbul edilib.

AXC gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə mövcudluğunu cəmi 23 ay qoruya bildi. Milli dövlətimiz  iki yaşına çatmadan bolşevik Rusiyasının işğalına məruz qaldı, dünyanın siyasi xəritəsindəki yerini müvəqqəti itirdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası heç vaxt yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən müstəqilliyini bərpa etdi.

Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Milli Məclisin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə "Müstəqillik Günü haqqında" yeni qanun qəbul edilib. Elə həmin gün Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib.