YAP Xəzər rayon təşkilatının yaradılmasının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının yaranmasının 33 illiyi münasibətilə tədbir keçirilib. YAP Xəzər rayon təşkilatının və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılar əvvəlcə Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binası önündə ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Tədbirdə YAP Xəzər rayon təşkilatının yaranmasının 33 illiyinə həsr olunmuş film nümayiş etdirilib.
Çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Yeni Azərbaycan Partiyasının yarandığı dövrdə ölkədə mövcud olan ictimai-siyasi vəziyyətdən bəhs edib.
“Ölkəmizin dövlət müstəqilliyini yenidən bərpa etdiyi, mürəkkəb ictimai-siyasi proseslərin cərəyan etdiyi bir dövrdə Yeni Azərbaycan Partiyasının yaradılması xalqın sabitlik, inkişaf və milli həmrəylik arzularının təcəssümü idi. Bu mühüm addımın davamı olaraq, 1993-cü ilin iyul ayında YAP Xəzər rayon təşkilatının təsis konfransı keçirildi və bununla da təşkilat rəsmi fəaliyyətə başladı”-deyə, o, bildirib. Sədr qeyd edib ki, 33 il ərzində YAP Xəzər rayon təşkilatı rayonun ictimai-siyasi həyatında fəal mövqe nümayiş etdirib, ölkədə həyata keçirilən siyasi kursun rayon səviyyəsində dəstəklənməsi və təbliği istiqamətində mühüm rol oynayıb.
Çıxış edən Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirib ki, 33 il ərzində YAP Xəzər rayon təşkilatı müxtəlif ictimai təşəbbüslərin həyata keçirilməsində, gənclərin və qadınların ictimai fəallığının artırılmasında, şəhid ailələri və qazilərlə bağlı sosial layihələrin reallaşdırılmasında, ətraf mühitin mühafizəsi və vətəndaş cəmiyyətinin inkişafı kimi sahələrdə mühüm işlər görüb. O vurğulayıb ki, YAP Xəzər rayon təşkilatı eyni zamanda Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin və Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatların təbliği istiqamətində də ardıcıl və sistemli fəaliyyət göstərir.
Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin deputatı Soltan Məmmədov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, YAP İdarə Heyətinin üzvü Rauf Əliyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova iştirak ediblər.
Çıxış edənlər YAP Xəzər rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü münasibətilə partiya üzvlərini təbrik ediblər. Qeyd olunub ki, ölkəmizin ən güclü və ən mütəşəkkil siyasi qüvvəsi kimi tanınan YAP öz fəaliyyətində daim milli maraqları prioritet hesab edərək dövlətçilik ənənələrinin qorunmasına və möhkəmləndirilməsinə töhfə verir.
Çıxışlardan sonra partiya sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə isə fəxri fərmanlar təqdim edilib.
Təltifetmə mərasimindən sonra tədbirin bədii hissəsi keçirilib. Respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.