Dendrologiya Bağı ərazisində fitosanitar monitorinqlər davam edir

Dendrologiya Bağının ərazisində mövcud bitkilərin fitosanitar vəziyyətinin qiymətləndirilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır.

Monitorinqlər zamanı bağ ərazisində yerləşən Lənkəran akasiyası (Albizia julibrissin Durazz) üzərində təhlükəli zərərverici olan Avstraliya şırımlı yastıcası (Icerya purchasi Maskell) aşkar edilib. Bununla əlaqədar Bakı şəhəri İcra Hakimiyyəti başçısının tabeleyində “Dendrologiya Bağı” public hüquqi şəxsin  “Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi” şöbəsinin əməkdaşları tərəfindən zərərvericinin bioekoloji xüsusiyyətləri öyrənilib, ona qarşı mübarizə tədbirləri hazırlanaraq tətbiq olunub.

Təcrübə məqsədilə 20 fevral 2026-cı il tarixində, bitkilərdə tumurcuqlanma başlamazdan əvvəl, zərərvericinin kütləvi sirayət etdiyi budaqlarda sanitar budama aparılıb. Budanmış hissələri xəstəlik və zərərvericilərdən qoruma məqsədilə bağ məlhəmi ilə işlənib.

24 fevral 2026-cı il tarixində isə zərərvericiyə qarşı insektisid və akarisid qarışığı hazırlanaraq tətbiq edilib. Sınaq üçün iki ədəd yaşlı və bir ədəd 3–5 yaşlı (təxminən 150 sm hündürlüyündə) Lənkəran akasiyası seçilib.

Aparılan müşahidələr zamanı ilk gün zərərvericilərdə nəzərəçarpacaq dəyişiklik qeydə alınmasa da, ikinci gündən etibarən yetkin fərdlərin budaqlardan ayrıldığı müşahidə olunub.

May–iyun aylarında aparılan son monitorinqlərin nəticələrinə əsasən, dərmanlanmış budaqlarda Avstraliya şırımlı yastıcasına demək olar ki, rast gəlinməyib. Əldə olunan nəticələr tətbiq edilən kimyəvi preparatların yüksək səmərəlilik göstərdiyini təsdiqləyir.