“Dendrologiya Bağı”nın əməkdaşı Şərqi Zəngəzurda yaşı çox olan ağac növlərinin dendroxronoloji tədqiqi və monitorinqi aparıb

Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” public hüquqi şəxsin (PHŞ” “Dendroxronologiya” laboratoriyasının aparıcı mütəxəssisi Şəlalə Məmmədova tərəfindən 13-20 avqust 2026-cı il tarixində Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində yaşı çox olan ağac növlərinin dendroxronoloji tədqiqi və monitorinqi istiqamətində elmi-tədqiqat işləri aparılıb.

Elmi-tədqiqat işinin əsas məqsədi Şərqi Zəngəzur iqtisadi rayonunda yayılmış yaşlı və qiymətli ağac nümunələrinin müəyyənləşdirilməsi, onların yaş göstəricilərinin, illik radial artım dinamikasının öyrənilməsi, həmçinin ağacların inkişafına təsir göstərən ekoloji və iqlim amillərinin araşdırılmasıdır.

Bu məqsədlə Laçın və Kəlbəcər rayonlarının müxtəlif ərazilərinə elmi ekspedisiyalar təşkil edilib, ərazidə yaşı çox olan ağac nümunələri müəyyənləşdirilərək dendroxronoloji tədqiqatların aparılması üçün nümunələr götürülüb.

Ekspedisiya zamanı əsasən palıd (Quercus spp.), şərq fıstığı (Fagus orientalis Lipsky), çöl ağcaqayını (Acer campestre L.) və söyüd (Salix spp.) kimi ağac növlərindən nümunələr əldə edilib. Azərbaycan florasında bu növlərdən Fagus orientalis, Quercus, Acer campestre və Salix cinslərinə müxtəlif meşə ekosistemlərində rast gəlinir.

Götürülmüş nümunələr laborator şəraitində xüsusi metodlarla hazırlanaraq illik halqaların sayı, eni və radial artım göstəriciləri üzrə təhlil ediləcək. Əldə olunan dendroxronoloji məlumatlar əsasında ağacların təxmini yaşı müəyyənləşdiriləcək, onların müxtəlif illərdəki inkişaf dinamikası araşdırılacaq və iqlim amilləri ilə əlaqəsi qiymətləndiriləcək.

Aparılan monitorinq nəticəsində Şərqi Zəngəzur iqtisadi rayonunda qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyan yaşlı ağac nümunələrinin müəyyənləşdirilməsi, onların bioloji vəziyyətinin qiymətləndirilməsi və mühafizəsi ilə bağlı elmi məlumat bazasının formalaşdırılması nəzərdə tutulur.

Tədqiqatın nəticələrinin regionun dendroflorasının elmi əsaslarla öyrənilməsinə, yaşlı ağacların monitorinqinə və biomüxtəlifliyin qorunmasına töhfə verəcəyi gözlənilir.