Dendrologiya Bağında yaşıllıq sahələrində aqrotexniki qulluq işləri aparılıb

Dendrologiya bağında fəaliyyət istiqamətlərinə uyğun olaraq estetik zövq verən yeni yaşıllıq sahələrinin salınması, biomüxtəlifliyin artırılması, ətraf mühitin qorunub saxlanılması daim diqqət mərkəzindədir. Dendrologiya Bağının 12 hektarlıq ərazisində müxtəlif növ bitkilərə aqrotexniki qulluq tədbirləri davam etdirilir. Bakı Şəhəri İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin texniki heyəti tədbirlər planına uyğun olaraq bağ ərazisində yaşıllıqlara qulluq göstəriblər.

Aksiyada bitkilərə aqrotexniki qulluq edilib, ağacların dibi yumşaldılıb, alaq otları təmizlənib, torpağın münbitliyinin artırılması məqsədi ilə lazımi işlər görülüb.

Qeyd edək ki, Dendrologiya bağında Azərbaycanın “Qırmızı Kitab”na salınmış, nadir, endemik və relikt ağac-kol növləri vardır. Bağın əməkdaşları bu növlərin qorunub saxlanılmasına hər zaman diqqət göstərirlər.

Dendrologiya bağında biomüxtəlifliyin qorunması məqsədilə nəsli kəsilmək təhlükəsi olan bitki növlərinin bioekoloji xüsusiyyətlərinə uyğun təbii mühit yaradılır, vegetativ və generativ çoxalma üsulları ilə sayının artırılması üçün tədbirlər görülür. Aksiyada həmçinin laboratoriya əməkdaşları tərəfindən bitkilərdə yaranmış zərərvericilərə qarşı yeni mübarizə metodları sınanılır.

Yaşıllıq sahələrinin salınması, biomüxtəlifliyin artırılması və qulluq tədbirləri “Dendrologiya Bağı” publik hüquqi şəxsin İdarə Heyətinin nəzarəti altında davam etdirilir.

 

 

Şərhini yaz