“Dendrologiya bağı”nda yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxs (PHŞ)-də yanğından mühafizə mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə “Dendrologiya bağı” PHŞ-nin əməkdaşları, Xəzər rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik Azər Seyidzadə iştirak edib.
Azər Seyidzadə “Yaşıllıq ərazilərində yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlər” mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, xüsusilə isti və quraq havalarda yaşıllıq ərazilərində yanğın riskinin artması təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsini zəruri edir.
Hissə rəisinin sözlərinə görə, yaşıllıq ərazilərin mütəmadi olaraq quru ot, yarpaq, qurumuş budaq, şüşə qırıntıları və digər yanıcı materiallardan təmizlənməsi vacibdir.
“Yaşıllıq ərazilərdə açıq oddan istifadə, nəzarətsiz ocaq qalamaq və siqaret kötüklərini yerə atmaq yolverilməzdir. Yanğın təhlükəsi yüksək olan sahələr əvvəlcədən müəyyənləşdirilməli və həmin ərazilərdə nəzarət tədbirləri gücləndirilməlidir”-deyə, o, qeyd edib. O, bildirib ki, ilkin yanğınsöndürmə vasitələrinin, su ehtiyatlarının və zəruri avadanlıqların daim saz və istifadəyə hazır vəziyyətdə saxlanılması vacibdir.
Həmçinin yanğınsöndürmə texnikasının əraziyə maneəsiz daxil olması üçün yollar açıq saxlanılmalıdır.
Azər Seyidzadə əməkdaşların yanğın zamanı davranış qaydaları, ilkin müdaxilə və təxliyə tədbirləri barədə mütəmadi təlimatlandırılmasının zəruri olduğunu deyib.
Qeyd olunub ki, yanğın hadisəsi baş verdikdə insanlar təhlükəli ərazidən uzaqlaşdırılmalı, dərhal aidiyyəti qurumlara məlumat verilməlidir. Bildirilib ki, qabaqlayıcı tədbirlərin vaxtında və sistemli şəkildə həyata keçirilməsi yaşıllıq ərazilərinin, ağac və bitki örtüyünün yanğınlardan qorunmasında mühüm rol oynayır.
“Dendrologiya bağı” PHŞ-nin “Ərazi mühafizə işinin təşkili” sektorunun müdiri Sadiq Əliyev bağ ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O bildirib ki, ərazidə yanğın risklərinin qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir. Bağın ərazisi vaxtlı-vaxtında şüşə qırıntılarından, quru və yanar çubuqlardan, eləcə də digər yanğın təhlükəsi yarada biləcək tullantılardan təmizlənir. Ərazinin daim təmiz və səliqəli saxlanılması, xüsusilə quru ot və bitki qalıqlarının vaxtında ərazidən uzaqlaşdırılması diqqət mərkəzindədir.
Sadiq Əliyevin sözlərinə görə, isti və quraq hava şəraitində yanğın təhlükəsizliyi tədbirləri daha da gücləndirilir və əraziyə nəzarət intensivləşdirilir. Bununla yanaşı, əməkdaşların yanğın təhlükəsizliyi qaydalarına əməl etməsi, ilkin yanğınsöndürmə vasitələrindən düzgün istifadə etməsi və hər hansı təhlükə zamanı operativ davranması istiqamətində maarifləndirmə işləri aparılır.
Tədbirdə iştirakçıları maraqlandıran suallara cavablar verilib.