"Carthamus tinctorius L." toxumları Dendrologiya bağının tədqiqat sahəsinə introduksiya edilib
Dendrologiya bağında yeni bitki növü tədqiqata cəlb edilib. "Carthamus tinctorius L." toxumları Dendrologiya bağının tədqiqat sahəsinə introduksiya edilib. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin “Təsərrüfat əhəmiyyətli bitkilər” laboratoriyasının əməkdaşları tərəfindən toxumların bioekoloji xüsusiyyətləri araşdırılıb, torpaq, su və temperatur rejimi nəzərə alınaraq torpaq və peyin qarışığına toxumlar əkilib (temperatur 22⁰C nisbi rütubət 73%).
"Carthamus tinctorius L." yalançı zəfəran adı ilə tanınır. Sarıçiçək qədimdən boyaq bitkisi kimi istifadə olunur. Çiçəklərində təbii sarı və qırmızı piqmentlər, o cümlədən kartamin adlı qırmızı boya maddəsi vardır. Bundan əlavə, sarıçiçəkdən alınan efir yağı da təbabətdə geniş istifadə olunur. O, bədəndə sintez olunmayan linoleik turşu ilə zəngindir (təxminən 80%). Linoleik turşu qan damarlarının elastikliyini artırır.
Zəfəran yağı dəriyə yumşaldıcı, gücləndirici və qidalandırıcı təsir göstərir, hüceyrə funksiyasını normallaşdırır, qan dövranını yaxşılaşdırır, iltihab əleyhinə xüsusiyyətlərə malikdir.
Dendrologiya bağında İrandan əldə edilən bu bitkinin intoduksiyası onun yerli iqlim şəraitində inkişaf xüsusiyyətlərinin, çiçəkləmə dinamikasının, dekorativ göstəricilərin və təsərrüfat əhəmiyyətinin öyrənilməsi baxımından maraqlıdır.
Sarı rəngli çiçəkləri ilə seçilən bu bitki Dendrologiya bağının bitki kolleksiyasının zənginləşdirilməsinə və müxtəlif bitki növlərinin introduksiya şəraitində tədqiqinə xidmət edir.
Gələcəkdə bu bitkidən efir yağının alınması və kimyəvi tərkibinin öyrənilməsi də nəzərdə tutulur.