Azərbaycanın inkişaf strategiyası və qarşıda duran vəzifələr-“Dendrologiya bağı” PHŞ-də müzakirə keçirilib
Bakı Şəhəri İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsdə (PHŞ) Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi proqram xarakterli fikirlər və qarşıya qoyduğu strateji hədəflər ətrafında müzakirə keçirilib.
“Dendrologiya bağı” PHŞ İdarə Heyəti sədrinin müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova çıxışında Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında müəyyən etdiyi strateji hədəflərin dövlətçiliyimizin möhkəmləndirilməsi və milli maraqlarımızın qorunması baxımından əhəmiyyətini vurğulayıb.
O, bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası tarixi nailiyyətimizdir və hazırda işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramı uğurla icra olunur, yüzlərlə ailə doğma yurdlarına qayıdaraq məskunlaşıb.
“Dendrologiya bağı” PHŞ-də şəhid ailələrinin üzvlərinin və qazilərin çalışdığını vurğulayan S.Bağırova qeyd edib ki, onlar Vətən uğrunda canlarını fəda edən qəhrəmanlarımızın və sağlamlığını itirən döyüşçülərimizin fədakarlığını cəmiyyətə daim xatırladırlar.
Onun sözlərinə görə, Azərbaycanın təxminən 200 illik dünyəvi təhsil və maarifçilik ənənələri ölkəmizin elm, mədəniyyət və ictimai inkişaf sahələrində böyük uğurlar qazanmasının əsaslarından biridir.
O, müasir dövrdə gənclərin yad ideyalardan və yanlış məlumatların təsirindən qorunmasının, elmi düşüncəyə yiyələnməsinin və milli-mənəvi dəyərlərini qorumasının vacibliyini vurğulayıb.
Samirə Bağırova bildirib ki, məktəblərdə dünyəvilik, sosial bərabərlik, vicdan azadlığı və qanunun aliliyi prinsipləri qorunmalı, hər bir uşağın keyfiyyətli təhsil alması üçün sağlam mühit yaradılmalıdır.
Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının nümayəndəsi Kamran Mustafayev çıxışında Azərbaycanın yaxın tarixinə nəzər salıb, 1990-cı illərin əvvəllərində ölkənin dərin siyasi, iqtisadi və sosial böhranla üzləşdiyini bildirib.
Onun sözlərinə görə, həmin dövrdə milli dövlətçilik ciddi təhlükə altına düşmüş, separatçılıq meyilləri güclənmiş, ərazilərimizin bir hissəsi işğal olunmuş və 1 milyonluq qaçqın ordusu yaranmışdı.
K. Mustafayev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitliyin təmin edilməsi, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və davamlı inkişaf strategiyasının formalaşdırılması istiqamətində mühüm addımlar atılıb.
Onun sözlərinə görə, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi inkişafının təməlini qoyub, ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər isə ölkənin müdafiə qüdrətinin gücləndirilməsinə xidmət edib. Sonrakı illərdə iqtisadiyyat, səhiyyə və digər sahələrdə genişmiqyaslı islahatlar aparılıb, müasir xəstəxanalar tikilib, tibb müəssisələrinin maddi-texniki bazası yenilənib.
İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışına toxunan natiq bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində öz gücünə və imkanlarına arxalanaraq tarixi Qələbə qazanıb. Onun sözlərinə görə, qazanılan Qələbə milli birliyin, xalqın iradəsinin və müstəqil siyasətin nəticəsi olmaqla yanaşı, ölkənin müdafiə qabiliyyətinin davamlı şəkildə artırılmasının vacibliyini də bir daha nümayiş etdirib.
Çıxış edən “Dendrologiya bağı” PHŞ- nin əməkdaşları müasir dövrdə yad ideoloji təsirlərə qarşı mübarizənin gücləndirilməsinin, milli maraqların və dövlətçilik dəyərlərinin qorunmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra cəmiyyət qarşısında dayanan mühüm vəzifələrdən biri də milli düşüncənin, dünyəvi dövlətçilik prinsiplərinin və sağlam ictimai şüurun qorunmasıdır.
Qeyd olunub ki, bəzi qüvvələr insanların dini hisslərindən və emosiyalarından istifadə edərək ictimai rəyə təsir göstərməyə, yad düşüncələri yaymağa çalışırlar. Belə şəraitdə maarifləndirmənin gücləndirilməsi, gənc nəslin manipulyasiyalardan qorunması, elmi dünyagörüşünün və dünyəvi təhsil ənənələrinin təşviqi xüsusi əhəmiyyət daşıyır.
Çıxışlarda Prezident İlham Əliyevin dövlətçilik və milli maraqlarla bağlı çağırışlarına dəstək ifadə olunub, Azərbaycanın maarifçilik ənənələrinə, demokratik dəyərlərinə və dünyəvi inkişaf yoluna sadiqliyin qorunmasının vacibliyi vurğulanıb.