“Dendrologiya Bağı” PHŞ-nin əməkdaşları elmi simpoziumda iştirak ediblər
15–16 oktyabr 2026-cı il tarixlərində Azərbyancan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində elmi simpozium keçirilib.
“Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühiti” mövzusunda keçirilən simpoziumda şəhər mühitinin ekoloji dayanıqlığının təmin edilməsi, biomüxtəlifliyin qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi, bitkilərin şəhər ekosistemində rolu və sağlam urban mühitinin formalaşdırılması istiqamətində aktual elmi məsələlər müzakirə olunub.
Tədbirdə “Dendrologiya Bağı” public hüquqi şəxsin (PHŞ) əməkdaşları da iştirak edərək elmi çıxışlarını təqdim ediblər.
Onların çıxışlarında ağac və kol bitkilərinin şəhər mühitində ekoloji əhəmiyyəti, yaşıllıq sahələrinin qorunması və inkişaf etdirilməsi, bitki müxtəlifliyinin mühafizəsi, eləcə də iqlim dəyişikliklərinin bitkilərin inkişafına təsirinin öyrənilməsinin əhəmiyyəti kimi məsələlərə diqqət yetirilib.
Simpozium elmi fikir mübadiləsinin aparılması, müasir tədqiqat nəticələrinin bölüşdürülməsi və şəhər ekologiyası sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olub.
“Dendrologiya Bağı” PHŞ əməkdaşlarının bu cür mötəbər elmi tədbirlərdə təmsil olunması müəssisənin elmi-tədqiqat fəaliyyətinin genişlənməsinə, əldə olunan nailiyyətlərin təbliğinə xidmət edir.