“Dendrologiya Bağı” PHŞ-nin əməkaşları Qərbi Kaspi Universitetində keçirilən beynəlxalq simpoziumda və konfransda iştirak edib

4 noyabr 2026-cı il tarixində Qərbi Kaspi Universitetində “Tədqiqatın beynəlmiləlləşməsi: qlobal əməkdaşlıq, elmi görünürlük və təsir” mövzusunda beynəlxalq simpozium keçirilib.

Simpoziumun əsas məqsədi beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, universitetlərarası tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, elmi tədqiqat nəticələrinin beynəlxalq elmi məkanda görünürlüyünün artırılması, eləcə də birgə elmi layihələrin hazırlanması və həyata keçirilməsi istiqamətində yeni imkanların müəyyənləşdirilməsi olub.

Tədbirdə Stanford Universiteti və dünyanın aparıcı elmi nəşriyyatlarından biri olan "Elsevier" tərəfindən hazırlanan, dünyanın ən nüfuzlu alimlərinin  2 faizini əhatə edən siyahıya daxil edilmiş Qərbi Kaspi Universitetinin professorları Cəmşid İşik, Rəşid İqbal və Bassım Khan da iştirak ediblər.

Simpozium çərçivəsində tədqiqat fəaliyyətinin beynəlmiləlləşdirilməsinin müasir ali təhsil sistemində rolu, qlobal elmi şəbəkələrə inteqrasiya, beynəlxalq akademik tərəfdaşlığın gücləndirilməsi və universitetlərin elmi nüfuzunun artırılması kimi aktual məsələlər diqqət mərkəzində olub.

Tədbir beynəlxalq elmi əlaqələrin möhkəmləndirilməsi, Qərbi Kaspi Universitetinin qlobal tədqiqat mühitində mövqeyinin gücləndirilməsi və elmi əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli platforma kimi çıxış edib.

Tədbirdə 11 ölkədən  və ölkənin müxtəlif elmi institutlarından tədqiqatçılar, o cümlədən Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Dendrologiya Bağı” publik hüquqi şəxsin əməkdaşları iştirak ediblər.
 “Dendrologiya Bağı” PHŞ-nin əməkdaşları həmçinin 5-6 noyabr 2026-cı il tarixində Qərbi Kaspi Universitetinin təşkilatçılığı, BMT-nin Dağ Tərəfdaşlığı, Qafqaz Dağlıq Regionlarının Davamlı İnkişafı Şəbəkəsi, Beynəlxalq Dağçılıq Federasiyası (UIAA), Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Dendrologiya Bağı” publik hüquqi şəxsin və digər tərəfdaş qurumların birgə təşkilatçılığı ilə III Beynəlxalq "Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər" konfransa qatılıblar. 

Beynəlxalq simpozium və konfransda fəal iştirakına görə, “Dendrologiya Bağı” PHŞ-nin əməkdaşlarına sertifikatlar təqdim olunub.