“Dendrologiya Bağı” PHŞ-nin əməkdaşları Naxçıvanda keçirilən respublika elmi konfransında iştirak ediblər

29 oktyabr 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetində (NDU) və “Orqanik və dayanıqlı kənd təsərrüfatı: ekoloji tarazlıq və davamlı inkişaf” mövzusunda II Respublika elmi konfransı keçirilib.

Konfransda Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində fəaliyyət göstərən “Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) əməkdaşları da iştirak ediblər.

Tədbir çərçivəsində “Dendrologiya Bağı” PHŞ-nin “Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi” şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Aqil Qasımov “Azərbaycanda potensial təhlükəli zərərverici həşəratların bioekoloji xüsusiyyətləri və inteqrir mübarizə tədbirləri” mövzusunda elmi məruzə ilə çıxış edib.

Məruzədə Azərbaycanda yayılmış və potensial təhlükə törədən zərərverici həşərat növlərinin bioekoloji xüsusiyyətlərinin öyrənilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Qeyd olunub ki, bu istiqamətdə aparılan elmi tədqiqatlar zərərvericilərin yayılma dinamikasının və bitkilərə vura biləcəyi ziyanın əvvəlcədən müəyyənləşdirilməsinə, eləcə də mümkün risklərin qarşısının alınmasına mühüm töhfə verir.

Həmçinin bitkilərin sağlamlığının qorunması, ekoloji tarazlığın təmin edilməsi və aqroekosistemlərdə davamlılığın gücləndirilməsi baxımından inteqrir mübarizə tədbirlərinin tətbiqinin vacibliyi vurğulanıb. Bildirilib ki, zərərvericilərə qarşı elmi əsaslandırılmış və kompleks yanaşmaya söykənən mübarizə strategiyaları bitki örtüyünün mühafizəsində mühüm rol oynayır.

Konfransın sonunda elmi tədbirdə iştirakına və təqdim olunan tədqiqat işinə görə “Dendrologiya Bağı” PHŞ-dən müəllif Aqil Qasımova, S. Səfərəliyevaya sertifikatlar təqdim olunub.

Qeyd edək ki, bu kimi elmi konfranslar müxtəlif elmi müəssisələr arasında əməkdaşlığın genişləndirilməsi, aktual ekoloji problemlərin müzakirəsi, elmi tədqiqat nəticələrinin paylaşılması və bitki mühafizəsi sahəsində innovativ yanaşmaların təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.