Dendrologiya Bağının əməkdaşları "Çəmbərəkənd" parkında ezamiyyədə olub, monitorinq aparıblar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” haqqında Sərəncamına uyğun olaraq Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində görülən işlərin miqyası ilbəil artmaqdadır. Dövlət başçısı İlham Əliyevin 8 iyun 2022-ci ildə açılışında da iştirak ediyi Bakı şəhərinin Səbail rayonunda salınan “Çəmbərəkənd” parkı da bu istiqamətə yönəlmiş tədbirlərdən biridir. Bakının Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış parkda yaşıllaşdırma işləri aparılmış, 1200 metr uzunluğunda piyada yolları salınmış, sakinlərin asudə vaxtlarını keçirmələri üçün şərait yaradılmışdır.

"Dendrologiya Bağı" publik hüquqi şəxsin "Landşaft memarlığı və sistematika" laboratoriyasının əməkdaşları baş mütəxəssis Şəbnəm Əşrəfovanın rəhbərliyi ilə 4 avqust 2023-cü il tarixində "Çəmbərəkənd" parkında ezamiyyədə olublar. Elmi tədqiqat iş planına uyğun olaraq park ərazisindəki dekorativ bitkilərin landşaft memarlığında istifadə perspektivliyinin monitorinqi aparılmışdır. Müşahidələr zamanı məlum olmuşdur ki, ərazi rəngarəng landşaft müxtəlifliyinə malikdir. 4 hektar ərazisi olan parkın yaşıllıq sahəsinə 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilmişdir. Park ərazisində müxtəlif ağac, kol və ot bitkilərinin dekorativ əlamətlərinə görə qruplaşdırılması, kompozisiyaların tərtibat formaları təhlil edilmişdir. Landşaft dizaynlarının yaradılmasında müntəzəm üslubda düzbucaq, dairə formalarından, mənzərəli üslubda isə dekorativ, çiçəklik, orijinal formalardan istifadə olunduğu müəyyən edilmişdir. Sürüşmənin qarşısının alınması məqsədi ilə park ərazisində istinad divarı çəkilmişdir. Müxtəlif kol və liyanlarla qapadılaraq istinad divarına xüsusi dizayn verilmişdir. Parkın ərazisində Pinus eldarica Medw., Nerium oleander L., Laurus nobilis L., Morus rubra L., Cupressus sempervirens for. Pyramidalis, Olea europae L., Ailanthus altissima (Mill.) Swingle, Ulmus carpinifolia Suckow, Rosmarinus officinalis L. və Ligustrum japonicum Thunb., Pyracantha coccinea M.Roem. dekorativ bitki növləri üstünlük təşkil edir. Ərazinin landşaft tərtibatında Cycas revoluta Thunb., Hydrangeas macrophylla Ser., Atlas cedar (Cedrus atlantica) (Endl.) Manetti, Berberis thunbergii DC. kimi növlərdən istifadə edilmişdir.

“Çəmbərəkənd” parkı ərazisində aparılan monitorinqin əsas məqsədi Abşeron yarımadasının park və bağlarında torpaq-iqlim şəraitinə uyğun yeni bitki növlərin araşdırılıb sistemləşdirilməsi, taksonomik tərkibi öyrənilən yeni növlərin yaşıllaşdırmada istifadə perspektivliyinin müəyyən edilməsi və Dendrologiya Bağının landşaft kompozisiyalarında tətbiqidir. Hazırda "Dendrologiya Bağı" PHŞ 2024-cü ildə nəzərdə tutulan elmi-tədqiqat iş planına müvafiq olaraq “Çəmbərəkənd” parkı ərazisindəki bitki növlərinin sistematik və taksonomik tərkibinin araşdırılaraq qruplaşdırılması üzrə tədqiqat işləri davam etdirilir.

 

Şərhini yaz