"Dendrologiya Bağı" publik hüquqi şəxsin əməkdaşlarına "Ümumi ekoloji vəziyyət və onun təhlili" mövzusunda seminar keçirilib

23 avqust 2023-cü il tarixində "Dendrologiya Bağı" publik hüquqi şəxsin laboratoriya əməkdaşlarının iştirakı ilə biologiya üzrə fəlsəfə doktoru, dosent Zaman Məmmədov tərəfindən "Ümumi ekoloji vəziyyət və onun təhlili" mövzusunda seminar keçirilib.

Zaman Məmmədov dünyada və eləcə də ölkəmizdə müşahidə edilən ekoloji problemlərdən danışıb. Ekspert ekoloji problemlərin təhlükəli həddə çatdığını bildirib.

Seminar zamanı qlobal iqlim dəyişikliyinin yaratdığı fəsadlardan, əkinə yararlı münbit torpaqların şoranlaşması və şorakətləşməsi nəticəsində üzə çıxardığı çətinliklərdən danışılıb.

Qeyd olunub ki, ekoloji problemlər, təbiətin strukturunun və funksiyasının dəyişməsi müxtəlif ekoloji amillər nəticəsində yaranır. Müasir dövrdə ekoloji problemlərə iqlim dəyişiklikləri, biomüxtəlifliyin məhvi, torpaq, su və hava çirklənməsinin artması, torpağın eroziyası və s. aid edilir.

Elmi-texniki tərəqqi bəşəriyyəti irəli aparıb, eyni zamanda ekoloji problemlərin artmasına da yol açır. 

Texnika inkişaf etdikcə oksigen ehtiyatı azalmağa və karbon qazı isə çoxalmağa başlayıb. Ekoloji vəziyyətin dözülməz hala gəlməsi ozon qatının məhvi və oksigen qazının ciddi şəkildə azalması zəncirvari olaraq digər fəsadlar törədir. 

Günəşin zərərli şüaları, hava çatışmazlığı, kəskin iqlim dəyişkənliyi, təbii fəlakətlərin artması bu fəsadlardan doğan neqativlərdir.

Ekoloji problemlərin yaratdığı fəsadların azaldılması yollarından da bəhs edilib, qeyd olunub ki, atmosferin çirklənməsinin əsas mənbələrindən biri nəqliyyat vasitələrdir. Ona görə də elektromobillərin tətbiqi sürətləndirilməlidir.

Su ehtiyatlarından səmərəli istifadə olunmalı, su hövzələrinin çirklənməsinin qarşısının alınması məqsədi ilə tədbirlər görülməlidir.

Torpaqların deqradasiyasının, səhralaşmanın qarşısının alınması, iqlim dəyişikliyindən qorunması məqsədi ilə fermerlər və yerli icmalar arasında torpaq ehtiyatlarından səmərəli istifadə edilməsinə dair maarifləndirmə işləri aparılmalıdır.

Həmçinin bioloji müxtəlifliyin mühafizəsi məqsədi ilə qorunan ərazilərin sahəsi genişləndirilməli, nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin bərpası istiqamətində tədbirlər həyata keçirilməlidir.

Seminarda Azərbaycan Respublikasının landşaft quruluşundan, torpağın eroziyası, deqradasiyası və torpaqəmələgətirən amillərdən, həmçinin meşələrin əhəmiyyətindən və s. barədə ətraflı məlumat verilib.

"Ümumi ekoloji vəziyyət və onun təhlili" mövzusunda seminarda, torpağın nə qədər önəmli xammal olmasından bəhs edən sosial çarx izlənilib.

Sonda əməkdaşlarla geniş və maraqlı diskussiya keçirilib, iştirakçıların sualları cavablandırılıb.

 

Şərhini yaz