İspan nazı - Genista hispanica L. növünün Dendrologiya Bağı ərazisində tədqiqi
Genista hispanica L. (İspan nazı) vətəni Fransanın cənubu və İspaniyanın şimalında olan Fabaceae fəsiləsi, Genista L. (Naz) cinsinə aid çiçəkli bitki növüdür. İspan nazı Aralıq dənizinin qərb sahillərində, Krım yarımadası və Kanar adalarında yabanı halda bitir. Genista L. cinsinin adı latınca “genetum” sözündən gəlir, “doğmaq” mənasını verir.
Bitki hələ qədim Roma mədəniyyəti dövründə, məhsuldarlıq simvolu hesab olunurdu. Cinsin hispanica növünün adı mənşəcə vətəni olan İspaniyaya məxsusdur. İlk dəfə Carl Von Linne tərəfindən təsnifatı verilmiş növün Lissera hispanica (L.) Fourr., Spartium hispanicum (L.) Spreng., Telinaria hispanica (L.) C.Presl., Ulex hispanicus (L.) Anon., Voglera hispanica (L.) Fourr. və s. sinonimləri mövcuddur.
İspan nazı kiçik sıx budaqlı, hündürlüyü 2,5 sm-dən yuxarı, eni isə 1,5 m-ə qədər inkişaf edə bilən kol bitkisidir. Kоlun zоğlаrının bünövrəsində çоxsаylı xırda tikanlar mövcuddur ki, bu səbəbdən transpirasiya prosesi məhdudlaşır, bununla da bitkinin müəyyən bir müddətədək quraqlığa dözümlülüyü artmış olur. Yаrpаqlаrı uzun, еnsiz, üst səthi tündyаşıl, аlt səthi bоzumtul rəngdədir.
Çiçəkləri sarı və ətirli olan bitkinin çiçəkləmə dövrü may-iyun aylarına təsadüf edir. Avqust ayında yetişmiş olan meyvələri əyri paxla formasında, 4-5 sm uzunluğunda qısa, hamar, çoxtoxumlu, şabalıdı rənglidir. Toxumları müxtəlif künclü, uzunsov, yumru, mərciməyə oxşardır. Növ ikicinsli və həşərat vasitəsi ilə tozlanır, vegetativ və generativ yolla çoxalır. Bitkinin çiçəkləri nektarlı olduğu üçün quru onurğasızları, arı, kəpənək və s. həşəratları, toxumları isə quşlar və kiçik məməliləri özünə cəlb edir, onların qida mənbəyində böyük rol oynayır.
İspan nazı qurаqlığа dаvаmlı, atmosfer çirklənməsinə dözümlü, tеz bоyаtаn, işıqsevər bitkidir. Zəif işıqlandırılmış otaqlarda yerləşdirildikdə isə kiçik yarpaqlar, seyrək böyümə, asanlıqla qırılma və ya əyilmə, yarpaqların daha sürətli tökülməsi, rənginin dəyişməsi halları müşahidə oluna bilər. Optimal böyüməni təmin etmək üçün 6 saatdan az olmayaraq birbaşa düşən günəş işığı qəbul etməlidir. Az günəşli ərazilərdə süni işıqlandırmaqla, xüsusən LED işıqlarla bitkinin işığa olan tələbatını xüsusi dalğa uzunluqları ilə təmin etmək mümkündür. Tam günəş işığında yetişən İspan nazı kimi bitkilər üçün 30-50 W/ft2 süni işıq lazımdır.
Genista hispanica L. xüsusilə böyümə mövsümündə az rütubətli torpağa üstünlük verir. Qumlu, orta gilli, neytral və qələvi torpaqlarda inkişaf edir. Sulama tezliyindən asılı olaraq, kök çürüməsi, yarpaq saralması və ya tökülməsinə səbəb ola biləcəyi üçün sulama balansına riayət edilməlidir. İspan nazı orta temperaturu 5-38°C olan ərazilərdə daha yaxşı inkişaf edə bilir və soyuğa davamlıdır. Temperaturun kəskin dəyişikliyi nəticəsində bitkilərin yarpaqlarının rəngsizləşməsinə və uc hissələrinin qurumasına səbəb olur, lakin küləyə qarşı olduqca davamlı növdür.
Növə aphidis və Avstraliya şırımlı yastıcası zərər vura bilir. Mənənələr (aphidis) 3 mm və daha kiçik, Avstraliya şırımlı yastıcası isə 3-7 mm-dir. Onlar bitkidə zoğların üzərində məskunlaşaraq bitkinin şirəsini sormaqla qidalanırlar. İsti havalarda daha aktiv olub sürətlə inkişaf edir, yazın sonundan payızın əvvəlinədək intensiv olaraq çoxalırlar.
Bitkilərin mühafizəsini və inkişafını təmin etmək məqsədi ilə erkən yaz aylarında ilkin olaraq profilaktik tədbirlər həyata keçirmək, aşkarlanmış zərərli orqanizmlərə qarşı uyğun mübarizə metodları müəyyən etmək, üzvi və mineral gübrələrdən, əsasən də çiçəkləmə müddətinin uzanması üçün bitkinin çiçək qönçələri müşahidə edildiyi zamanlarda, fosfor tərkibli suda həll olunan mineral gübrələri 1-2 dəfə olmaqla tətbiq edilməsi vacibdir.
İspan nazının təbiətdə ekoloji rolu böyükdür. Belə ki növ təbiətdə həşərat, quş, kiçik məməli və müxtəlif yabanı heyvanların qida mənbəyi olmaqla yanaşı, onların daldalanması üçün mühüm rol oynayır. Avstraliya, Yeni Zelandiya və Kaliforniya kimi ərazilərdə yerli bitki örtüyünü sıxışdırmaq və ekosistemləri dəyişmək qabiliyyətinə görə invaziv növlər siyahısına daxil edilmişdir. Hal-hazırda təhlükə altında olmasa da, bitkinin xüsusilə endemik olduğu ərazilərdə təbii yaşayış mühitini qorumaq vacibdir.
İspаniyаdа bitkinin gövdələrinin qаbığındаn yun pаrçаlаr üçün möhkəm liflər аlınır. Əsl cins şalvarın təmiz pambıqdan hazırlandığını düşünsələr də, ona möhkəmlik verən ispan nazı növündən əldə edilən liflərdir. İspan nazı tərkibində sidikqovucu olduğuna görə ənənəvi olaraq tibb sahəsində istifadə olunur.
Detoksifikasiyaedici, antiseptik xüsusiyyətlərə malikdir, tibbdə böyrək daşları, sidik yolları infeksiyaları və revmatizm kimi xəstəliklərin, çiçəklərindən həzm sistemi müalicəsində istifadə olunur. İspan nazının zəhərli bitki olduğu iddia edilsə də, onun çiçəklərindən çay hazırlamaq və ya bal ilə qarışdıraraq şirniyyat kimi istifadə etmək olar.
Çiçəklərindən ənənəvi ispan mətbəxində, xüsusən də Əndəlus bölgəsində “pan de gachas” adlı çörək növünü dadlandırmaq üçün də istifadə olunur. İspan mədəniyyətində Genista hispanica L. bitkisi iyun ayının 24-də qeyd olunan müqəddəs “İohann” bayramı zamanı ənənəvi və simvolik əhəmiyyətli bitki kimi parlaq sarı çiçəklərindən günəş və yanğın simvolu olaraq tonqalları bəzəmək üçün istifadə olunur. Qədim Kelt mifologiyasında isə yaz bərabərliyinin simvolu kimi yeni başlanğıcların enerjisini təmsil edir. İnanclara görə, paltara sancılan bitkinin kiçik bir hissəsi şans gətirir və pis ruhlardan mühafizə edir.
Dekorativ bitki olan ispan nazının bir çox faydalı xüsusiyyətlərinə görə Bakı şəhərinin yaşıllaşdırılmasındа gеniş tətbiq edilməkdədir. Tövsiyə edilən əkin sahələri – bağ, park, həyətyanı sahələr, hasar kənarı haşiyələr, yamaclar və sahilyanı ərazilərdir. Köklərinin güclü pleksusu, eləcə də artıq nəmi qismən özünə çəkməsi səbəbindən sürüşmə zonası hesab edilən ərazilərdə əkilməsi məqsədyönlüdür. Eroziyanın qarşısını almağa və torpağın strukturunu yaxşılaşdırmağa kömək edir.
"Dendrologiya Bağı" PHŞ-nin “Ekologiya və iqlimləşdirmə” laboratoriyası tərəfindən ağır metallarla çirklənmiş ərazilərin tədqiqi zamanı çirklənmə ərazilərindən gətirilmiş torpaq nümunələrində, İspan nazı bitkisi dibçək şəraitində əkilmiş, növ ağır metalla çirklənmiş torpaqda tələf olmamış, əksinə öz inkişafını davam etdirmişdir. Caesalpinia gilliesii D.Dietr., Hibiscus syriacus L. kimi növlərlə eyni mühitdə yerləşdirilmiş və Genista hispanica L. növü daha uzun müddət davamlılıq göstərmişdir.
Zəngin mədəni və simvolik tarixə malik olması, ənənəvi tibbdə, kulinariyada praktiki istifadəsi, həmçinin bioekoloji göstəricilərinə, əhəmiyyətli ekoloji faydalarına-torpağın keyfiyyətini yaxşılaşdırmaq və eroziyanın qarşısını almaq qabilliyyətinə əsasən, Abşeron yarımadasında, eləcə də Bakı şəhəri və ətraf ərazilərin yaşıllaşdırılmasında istifadəsi də məqsədəuyğundur.