Dendologiya Bağı ərazisində bitki sayının artırılması və növ tərkibinin zənginləşdirilməsi işləri davam etdirilir
Dendrologiya Bağı ərazisində bitki sayının artırılması və növ tərkibinin zənginləşdirilməsi məqsədi ilə sahə işləri davam etdirilir. Bağın texniki heyəti tərəfindən oleandr (Nerium L.), rozmarin (Rosmarinus L.), lavanda (Lavandula L.), aspidistra (Aspidistra Ker Gawl.), palma (Chamaerops L.), sədo (Ruta L.) və s. cinslərə mənsub olan müxtəlif növlər vegetativ yolla (çiling və qələm) çoxaldılır.
Mərdəkan qəsəbəsinin sentyabr ayı üçün qeydə alınmış ilk 15 günlük orta temperatur (25 °C) və nisbi rütubəti (69 %) nəzərə alınmaqla, əkin üçün növlərin ekoloji tələblərinə uyğun xüsusi çoxaltma sahəsi ayrılmışdır. Bağ ərazisində bitkilərin artırılması üçün nəzərə alınan torpaq sahəsinin mineral tərkibi laboratoriya şəraitində tədqiq edilmişdir. Sahəyə, uyğun olaraq aqrotexniki qulluq edilmiş üzvi və mineral gübrələr tətbiq edilmişdir. 3000-dən çox şitil və çilinglər hazırlanmış sahəyə əkilmişdir.
Sadalanan növlər Abşeron yarımadasının torpaq iqlim şəraitinə davamlı, çoxillik, perspektivli, dekorativ, dərman əhəmiyyətli bitkilərdir. Çoxaldılmış növlərdən bağ ərazisində müxtəlif kompozisiyalarda, tək və qrup əkinlərində istifadə edilməsi nəzərdə tutulur.