Dendrologiya Bağında 9 ay ərzində görülən işlər müzakirə olunub
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin kollegiya iclası keçirilmişdir.
“Dendrologiya Bağı” PHŞ İdarə Heyəti sədrinin müavini, biologiya üzrə fəlsəfə doktoru Samirə Bağırovanın rəhbərliyi ilə keçirilən iclasda 2023-cü ilin yaz-yay mövsümünün yekunları, elmi-tədqiqat iş planına əsasən 9 ayda aparılan işlər müzakirə olunmuşdur.
İclas iştirakçıları laboratoriyaların 2023-2024-cü il üzrə nəzərdə tutulan elmi-tədqiqat iş planına əsasən tədqiqatların, layihələrin, ezamiyyələrin təşkilini, o cümlədən, bağ ərazisində aparılan işləri, əməkdaşların nizam-intizam qaydalarını müzakirə etmişlər.
Toplantıda 5 laboratoriyanın ilkin hesabatları dinlənilmiş, onlara tapşırıqlar və təlimatlar verilmişdir.
“Dendrologiya Bağı” PHŞ-nin İdarə Heyəti sədrinin müavini Samirə Bağırova laboratoriyaların fərdi iş planına uyğun olaraq bağın inkişafının təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini bildirmiş, bütün laboratoriyalarda payız-qış mövsümünə hazırlığa dair təxirəsalınmaz tədbirlərin görülməsi barədə danışmışdır.
“Meşə ekosistemləri”, “Landşaft memarlığı və sistematika”, “Dendroxronologiya”, “Təsərrüfat əhəmiyyətli bitkilər”, “Ekologiya və iqlimləşdirmə” laboratoriyalarının əməkdaşları fikir və mülahizələrini bildirmiş, mövzu ətrafında müzakirələr aparılmış, müvafiq qərarlar qəbul edilmişdir.
İclasın yekununda kollegiya üzvlərinə elmi-tədqiqat iş planına uyğun olaraq qarşıda duran vəzifələrin və yeni fəaliyyət planlarının icrası ilə bağlı konkret tapşırıqlar verilmişdir.