Dendrologiya Bağı ərazisində yaşlı və tarixi abidə sayılan növlərin dendroxronoloji tədqiqi
“Dendrologiya Bağı” publik hüquqi şəxsin “Dendroxronologiya” laboratoriyasının əməkdaşları tərəfindən 2023-2024-cü illər üzrə fərdi iş planına uyğun olaraq “Abşeron yarımadasının park və bağlarındakı yaşlı və tarixi abidə sayılan ağacların dendroxronoloji tədqiqi və elektron informasiya sistemində baza məlumatlarının yaradılması” istiqamətində dendroxronoloji tədqiqatlar aparılır. Tədqiqatlar, ilk növbədə, bağ ərazisində, park və bağlarda yaşıllaşdırmada geniş istifadə edilən Eldar şamı (Pinus eldarica Medw.) və Hələb şamı (Pinus halapensis Mill.) növlərinin üzərində aparılmışdır.
Tədqiqat obyekti olaraq seçilmiş Hələb şamı- Pinus halapenssis Mill. Azərbaycanda mədəni şəraitdə rast gəlinir. Hündürlüyü 25 m-ə, diametri 50 sm-ə çatan, düz və ya əyri gövdəli ağacdır. Külək vasitəsilə tozlanır. Yalnız toxumla çoxalır. Quraqlığa, istiyə və şaxtayadavamlı, işıqsevən və torpağa qarşı tələbkar olmayan ağacdır. Digər tədqiqat obyekti olan Eldar şamı- Pinus eldarica Medw. ilk dəfə Azərbaycan ərazisində Eldar düzünün qərb hissəsində, Eldar oyuğunda təsvir edilmişdir. Çətiri geniş, enli yumurtavari, qollu-budaqlı uzunsov ağacdır. Gövdəsi bozulumtul-qonur rəngdə, qeyri-bərabər çatlıdır. Hündürlüyü 20 m-ə çatır. Toxumla çoxalır. Quraq, az münbit torpaq sahələrində inkişaf edə bilməsi yaşıllaşdırmada ən mühüm perspektiv xüsusiyyətlərindəndir.
Tədqiqat işi çöl və laborator şəraitdə həyata keçirilmişdir. Növlərdən suunto burğusu vasitəsi ilə şaquli sahəyə perpendikulyar olaraq 1.5 m hündürlükdən, diametri 4-5 mm və uzunluğu 32-38 sm olan nümunələr götürülmüşdür. Laboratoriyada LİNTAB 6 binokulyar mikroskopundan və TSAPwin statistik proqramından istifadə etməklə gövdədəki halqalar əsasında təbiətdə baş vermiş qlobal dəyişikliklər haqqında məlumat almaq mümkündür. Halqalar üzərindəki məlumatlarının oxunması Schweingruber metodikası əsasında aparılmışdır. Mikroskopla halqaların təyinində Cook-Kairiukstisin üsulundan, yalançı və itmiş halqaların aşkar edilməsində F.Rinin tətbiq etdiyi TSAPwin proqramından istifadə edilmişdir.
Tədqiqatlar nəticəsində gövdə diametri 240 sm olan Pinus halapenssis Mill. növünün (40o29 18.4"N 50o0936.0"E) yaşının 128 il (inkişafa başladığı tarix 1895), gövdə diametri 203 sm olan Pinus eldarica Medw. (40o29 18.4"N 50o0936.0"E) növünün yaşının 155 il (inkişafa başladığı tarix 1868) olduğu tədqiq edilmişdir. Əldə olunmuş nəticələrə əsasən, Hələb şamı 1932, 1934, 1942, 1998, 2002-ci illərdə yüksək inkişaf dinamikasını göstərmişdir. Bu illərdə ən yüksək radial artım 26 və 40 yaşlarında müşahidə olunmuşdur. 1945, 1954, 1961, 2002, 2008-ci illərdə isə torpaq, iqlim şəraitinin təsirindən asılı olaraq inkişaf zəifləmiş, 50, 65, 112 yaşlarında ən aşağı inkişaf dinamikası müəyyən edilmişdir. Pinus eldarica Medw. növündə 1919, 1921, 1943, 1950, 2019-cu illərdə yüksək inkişaf dinamikasının getdiyi müşahidə olunmuşdur. Bunu növdən götürülmüş nümunədəki halqalar arası məsafədən də aydın müşahidə etmək mümkündür. 1898, 1908, 1962, 2000, 2021-ci illərdə isə iqlim amillərinin təsiri altında növdə aşağı göstəricilərin olduğu müəyyən edilmişdir.