Dendrologiya Bağı ilə AMEA Lənkəran Regional Elm Mərkəzi arasında müqavilə imzalanıb
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Dendrologiya Bağı" publik hüquqi şəxsin 2024-cü ildə nəzərdə tutulan elmi-tədqiqat iş planına müvafiq olaraq qurumun Strateji inkişaf, beynəlxalq əməkdaşlıq və layihələrin idarə olunması şöbəsinin əməkdaşı Mübariz Göyüşlü, Landşaft memarlığı və sistematika laboratoriyasının əməkdaşları Şəbnəm Əşrəfova, Sevinc Yusifova, Ekologiya və iqlimləşdirmə laboratoriyasının əməkdaşı Leyla Atayeva 27-31 oktyabr 2023-cü il tarixində AMEA Lənkəran Regional Elm Mərkəzində ezamiyyətdə olublar. Dendrologiya Bağının əməkdaşlarına son illər AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (LREM) aparılan elmi tədqiqatların nəticələri haqqında məlumat verilib. Lənkəran Regional Elmi Mərkəzinin direktoru, kənd təsərrüfatı elmləri doktoru, professor Fərman Quliyev bildirib ki, LREM-də ənənəvi olaraq çay, sitrus və subtropik bitkiləri ilə bağlı elmi-tədqiqat işlərini davam etdirir. Çay bitkisi ilə bağlı aparılan elmi-tədqiqat işləri xüsusən diqqəti cəlb edir. Görüşdə qeyd olunub ki, təcrübə sahəsində aparılmış analizlərin nəticələri ingilis dilində ən müasir jurnallarda nəşr olunması üçün göndərilib və müsbət rəy alınıb.
Dendrologiya Bağının əməkdaşları və Lənkəran Regional Elmi Mərkəzin rəhbərliyi birgə elmi tədqiqatların aparılması barədə fikir mübadiləsi aparıblar. Dendrologiya Bağının əməkdaşları 2024-cü ildə nəzərdə tutulan elmi-tədqiqat iş planına müvafiq olaraq görülən işlər barədə məlumat veriblər. Qeyd olunub ki, AMEA Lənkəran Regional Elmi Mərkəzində yetişdirilən sitrus bitkilərinin Dendrologiya Bağının ərazisində introduksiyasının təmin edilməsi istiqamətində işlər görülür.
Sonra "Dendrologiya Bağı" publik hüquqi şəxs ilə AMEA Lənkəran Regional Elm Mərkəzi arasında əməkdaşlıq Müqaviləsi imzalanıb. Əməkdaşlıq müqaviləsinin imzalanmasında məqsəd AMEA Lənkəran Regional Elmi Mərkəzi ilə birlikdə Lənkəran ərazisində bitki örtüyünün fəsilə, cins və növlərinin miqdarının müəyyənləşdirilməsi, yeniliklərin araşdırılması, flora elementlərinin tam siyahısının tərtibi, növlərin sistematik icmalı və taksonomik spektrinin APG III-IV sistemləri əsasında hazırlanması; Ərazidə yaşlı bitki nüsxələrinin yaş strukturunu təyin etməklə, dendroxronoloji təhlil edilməsi, onların təbiət abidəsi kimi sertifikatlaşdırılması və s. kimi önəmli məqamlar əks olunub. Razılığa gəlinib ki, hər iki müəssisəsinin təsdiq edilmiş elmi-tədqiqat iş planları çərçivəsində hazırki müqavilənin məqsəd və vəzifələrinə uyğun olaraq, birgə elmi-tədqiqat işləri təşkil edilsin və həyata keçirilsin. Müqavilə 5 illik müddətə bağlanılıb.
Görüşdən sonra Dendrologiya Bağının əməkdaşları AMEA Lənkəran Regional Elmi Mərkəzinə məxsus olan təcrübə sahəsi ilə, burada becərilən bitkilərlə və onların şəraiti ilə tanış olublar.