“Dendrologiya Bağı” PHŞ ilə Belarus MEA Baş Botanika bağı arasında əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxs təsdiq edilmiş Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanları, eləcə də xarici ölkələrin aidiyyatı dövlət qurumları ilə beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması, birgə tədqiqatların aparılması məqsədilə çalışmalar həyata keçirir. 

Son illərdə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında siyasi, iqtisadi və mədəni sahələrdə məhsuldar əməkdaşlığı nəzərə alan Dendrologiya Bağı Belarus Milli Elmlər Akademiyasının Baş Botanika Bağı ilə biomüxtəlifliyin artırılması, bəzək-bağçılıq və landşaft memarlığı, ekologiya və ətraf mühitin mühafizəsi kimi sahələrdə əlaqələri genişləndirir. Bu məqsədlə Belarus MEA Baş Botanika Bağı və “Dendrologiya Bağı” publik hüquqi şəxs arasında dünya florasının mühafizəsi problemlərinin həllinin innovativ üsullarla öyrənilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanmışdır.

Əməkdaşlıq memorandumunun imzalanması məqsədilə 1-3 noyabr 2023-cü il tarixlərində “Dendrologiya Bağı” publik hüquqi şəxsin idarə heyətinin təmsilçisi biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırovanın rəhbərlik etdiyi qrup Belarus Milli Elmlər Akademiyasının Baş Botanika Bağının rəhbərliyinin dəvəti ilə Belarus Respublikasının Minsk şəhərinə ezam olunmuşlar. İki bağ arasında imzalanan bu müqavilə qarşılıqlı əməkdaşlığın, mobilliyin və dostluq münasibətlərinin genişləndirilməsinə şərait yaradacaqdır. Dendrologiya Bağının təmsilçiləri Belarus MEA Baş Botanika Bağının kollektivi tərəfindən qonaqpərvərliklə qarşılanmış, 96 hektarlıq bağın ərazisi, kolleksiya fondu, istixanaları, laboratoriyaları, biotexnoloji tədqiqatları ilə tanış olmuşlar. Son zamanlarda qlobal iqlim dəyişikliyi, ekoloji problemlərlə bağlı qarşlıqlı elmi diskussiyalar aparılmış və gələcəkdə təşkil olunacaq ikitərəfli əməkdaşlıqdan danışılmışdır. Həmçinin, Belarus Baş Botanika Bağı heyətinə Dendrologiya Bağının strukturu, müasir avadanlıqları və bağ ərazisində növ müxtəlifliyi haqqında məlumatlar verilmişdir. Bağın direktoru Privalov Fyodor İvanoviç bu səfəri yüksək qiymətləndirmiş, münasibətlərin möhkəmləndirilməsi və gələcəkdə belə görüşlərin daha tez-tez təşkil edilməsi barəsində razılıq əldə olunmuşdur.

Şərhini yaz