Dendrologiya Bağında “Qırmızı Kitab” növü qorunur və çoxaldılır
Albizia julibrissin Durazz. Fabaceae Lindl. fəsiləsinin Albizia Durazz. cinsinə aid ağac növüdür. Vətəni Asiya olan bitkiyə dünyanın subtropik və tropik ərazilərindən başqa, mülayim iqlim zonalarında rast gəlinir.
Azərbaycanda isə əsasən, Talış ərazisində geniş yayılmışdır. “Lənkəran akasiyası”, “İpək akasiya”, “Güləbrişin” kimi tanınan növ 1989-cu ildə Azərbaycanın “Qırmızı kitab”ına daxil edilmişdir.
1749-cu ildə bu ağacı İstanbulda görən və Florensiyaya aparan Fiippledel Albizzi şərəfinə bitki xaricdə Albizia adı ilə tanınır. Bu növün elmi adı fars dilindən tərcümədə “gul-i abrişam”, yəni “ipək gülü”dür.
İpək akasiyası Mərdəkan Dendrarisində 1945-ci ildən toxumla introduksiya olunur. Albizia julibrissin Durazz. ortaboylu, geniş çətirli, xoş ətirli, parlaq çəhrayı çiçəklərə malik, yarpaqlarını tökən ağacdır. Estetik cəhətdən xoş görünüşü olan bu ağacın cavan zoğları yaşıl rəngli, hamar qabıqlıdır. Gövdəsinin qabığı boz rəngli, uzununa çatlıdır.
İpək akasiyası işıqsevən və istisevən bitki olub, 10 il ərzində 9 m hündürlüyə və 14 sm diametrə çataraq, yalnız 4-5 yaşdan etibarən çiçəkləyib, meyvə verir. 18-25 sm uzunluğunda olan yarpaqları növbəli düzülmüş, ikiqat, cüt lələkvaridir. Yarpaqların hər biri iyirmi-otuz cüt yarpaqcıqdan ibarət, kənarları tamdır və ümumi yarpaq sapında qarşılıqlı düzülmüşdür. Toxunmanın təsirindən, gecələr və ya yağışlı günlərdə onlar yavaş-yavaş bağlanır.
Çiçəkləri xırda, 5 şüalı, başcıqvari çiçək qrupu əmələ gətirir. Çiçək qrupları iri, mürəkkəb süpürgələrdə birləşir. Həşəratlar vasitəsilə tozlanır. Tozcuqları allergik reaksiyalara səbəb ola bilər. Başcıq çiçək qrupunun kənarlarında erkəkcikli, mərkəzində isə ikicinsli çiçəklər yerləşir. Erkəkcikli çiçəklərin çiçək yanlığı yaşılımtıl-sarı rəngdədir. İkicinsli çiçəklərin tacı isə uzun boruşəkilli, kasacıqdan 8-10 dəfə uzun, xaricdən ipəkvari tüklərlə örtülüdür. Erkəkciklər sayca çoxdur, uzun, nazik saplı, tacdan çox irəli çıxmış, çəhrayı rəngdədir.
Həşəratların bitkiyə cəlb olunmasında onların böyük rolu var. Tozluqları xırda, dörd kameralı, sarıdır. Onlar salxıma oxşar tozcuq qovuqlarına yapışıqdır. Dişiciyi bir ədəddir, telvari sütunludur. Bitki iyun-iyul aylarında çiçəkləyir və uzun çiçəkləmə dövrünə malikdir. Yay boyu çiçəklər bitkinin üzərində qalır. Meyvələri payız aylarında yetişir.
Paxla formalı toxumları yastı, çılpaq xətvari, 16-20 sm uzunluqda və 20-25 mm enindədir. Adətən, bir paxlanın içərisində 5-10 ədəd toxum olur. Toxumlar bir neçə il cücərmə qabiliyyətini saxlayır. Onlar külək və su vasitəsilə yayıla bilir. Yetkin ağacın dibinə düşmüş toxumlarından qısa zamanda yeni cücərtilər əmələ gəlir. Toxumlar payızda toplanır və yaza qədər sərin, quru yerdə saxlanılır. İşıqsevən, istisevən, torpağa az tələbkar, küləyə davamsız, tez böyüyən bitkidir.
Lənkəran akasiyası üçün torpaq və ya substrat yaxşı qurudulmalı və humusla zəngin olmalıdır. Quraqlığa davamlı bitkidir. Bütün soyuğa həssas bitkilər kimi Lənkəran akasiyası da yaşlandıqca şaxtaya davamlılığı artır. Onu ilk bir neçə il qışda soyuqdan qorumaq üçün kök sahəsi yarpaq təbəqəsi ilə örtülməli, gövdə isə yun və ya matla bükülməlidir. Lənkəran akasiyası bitki xəstəlikləri və zərərvericilərinə qarşı nisbətən davamlıdır. Açıq, küləkli yerdə yaxşı inkişaf edə bilmir, çünki güclü küləklərin təsirinə qarşı həssasdır. Bitkinin becərildiyi yerlərdə onun qonşuluğunda elə əkin materialları əkmək lazımdır ki, həmin bitkilərin çətirləri, gövdə və budaqları şaquli istiqamətdə inkişaf edən olsun. Bütün ağaclar kimi bu ağacın da inkişaf edib böyüməsi üçün budanmaya ehtiyacı var.
Qışın sonundan yazın əvvəlinə qədər zədələnmiş, qırıq və çox uzun olan budaqları budamaq, xəstəliyə yoluxmuş budaqları da mütəmadi olaraq ağacdan kənarlaşdırmaq lazımdır. Hər budama işindən sonra alətlər dezinfeksiya edilməlidir. Dendrologiya Bağı ərazisində Albizia julibrissin Durazz. növünün beşillik nüsxələrinə də rast gəlinir. Bu nüsxələr açıq sahədə tam günəş işığı düşən və ya qismən kölgəli yerlərdə əkilmişdir. Növ bağın ərazisində bitki yaşıllaşdırmada tək və qrup əkinlərində istifadə olunur.
Dekorativ, ballı bitkidir, xoş ətirlidir. Bir çox paxlalı bitki kimi Lənkəran akasiyasının da müəyyən torpaq bakteriyaları ilə simbiotik əlaqəsi var. Bu bakteriyalar köklərdə düyünlər əmələ gətirir və atmosfer azotunu fiksasiya edir. Fiksasiya olunan azotun bir hissəsi böyüyən bitki tərəfindən, bir hissəsi isə yaxınlıqda böyüyən digər bitkilər tərəfindən istifadə edilə bilər.
Lənkəran akasiyasının qabığı və çiçəkləri qədim Çin təbabətində dərman kimi istifadə olunurdu. Qabığın ekstraktı ağciyər xəstəlikləri və ağrıları zamanı, dəri xoralarını, yaraları müalicə etmək üçün sakitləşdirici və iltihab əleyhinə vasitə kimi istifadə olunurdu. Bundan başqa o, qan dövranının tənzimlənməsinə də kömək edir. Asiya xalqları yuxusuzluğu müalicə etmək üçün xəstələrə Albizia julibrissin qabığı ekstraktı hazırlayırdılar.
Bitkinin çiçəkləri depressiya və yuxusuzluğu müalicə etmək üçün istifadə edilmişdir. Onun toxumları yağ mənbəyidir və bundan əlavə heyvandarlıqda qida kimi istifadə olunur. Qabığından alınmış cövhərdən xalq təbabətində geniş istifadə edilir. Qabığında 7-8 % aşı maddəsi, saponin, həmçinin boyaq maddəsi vardır. Onun şirəsindən təbabətdə mədə-bağırsaq xəstəliklərinin müalicəsində, çiçəyinin bişməsindən öskürəyə qarşı istifadə olunur.
Çiçəklər açılan kimi toplanılır və sonradan istifadə üçün qurudulur. Yuxusuzluq, sinir, təngnəfəslik və zəif yaddaşın müalicəsində istifadə zamanı daxilə qəbul olunur. Bitkinin antidepressant, anksiolitik və sedativ təsirlərinin arxasında duran əsas mexanizmlərdən biri kimi görünən serotonin reseptorlarına (xüsusən 5-HT1A reseptorlarına) təsir etmək qabiliyyətidir. Zədələrin və şişliklərin müalicəsində istifadə zamanı isə xaricə tətbiq olunur. Bitkidən əldə edilən saqqız ekstraktı çibanlar, yaralar və bu kimi məqsədlər üçün məlhəm kimi, həmçinin sınıq və burxulmalarda qoruyucu vasitə kimi istifadə olunur.
Qabığından alınan sarı rəng ipək və yun parçaların boyanması üçün yararlıdır. Bitki, həmçinin qumlu torpaqlarda eroziyanın qarşısını almaq məqsədi ilə də becərilir. Abşeronun torpaq-iqlim şəraitinə tam davamlı, dekorativ növ olduğu üçün park və bağların yaşıllaşdırılmasında bəzək bitkisi kimi istifadə edilməsi məqsədyönlü hesab edilir.