Abşeron yarımadasının texnogen çirklənmiş ərazilərində “Yaşıl metod” tətbiqi
Hazırda ətraf mühitin çirkləndiriciləri arasında başlıca təsir antropogen amildir. Respublikamızda ən çox texnogen çirklənmiş torpaqlar ölkənin sənaye pоtensialının üçdə iki hissəsinin, əhalisinin isə üçdə bir hissəsinin cəmləşdiyi Abşerоn yarımadasında rast gəlinir və ərazi daxilində 30 minə yaxın çirklənmə növü məlumdur. Son illər texnologiyanın inkişafına və yeni müasir təmizləyici qurğuların tətbiq olunmasına baxmayaraq, ətraf mühitin kimyəvi tullantılarla o cümlədən, ağır metallarla çirklənməsi davam edir. Ekoloji tarazlığın qorunub saxlanması və orqanizmin ağır metalların normadan çox miqdarı ilə təmasda olması ehtimalının azaldılması müasir dövrümüzdə olduqca aktual məsələdir.
Müasir torpaq strukturunun hazırki vəziyyəti göstərir ki, ərazinin yararlı torpaq sahələri geniş miqyasda antropogen təsirə məruz qalmış və müxtəlif dərəcədə çirklənmişdir. Bu təsir torpaqların səthi və eləcə də dərininə çirklənməsinə, 40 morfoloji-genetik xüsusiyyətlərinin, fiziki-kimyəvi xassələrinin dəyişməsinə, münbitliyin aşağı düşməsinə səbəb olmuşdur. Abşerоn yarımadasında ən tоksik elementlər B, Nо, Hg, Al, Pb, Cl, Y, Se, Fe, S, Na, Mg sayılır. Оnlardan yüksək kоnsentrasiya klarkina B və Mо aid edilir.
Ağır metalların sənayedə istifadəsi çox müxtəlifdir və geniş yayılmışdır. Məhz buna görə də, bir qayda olaraq, müəssisələrin yaxınlığında fitotoksiklik və torpaqlarda zərərli toplanma müşahidə olunur. Ağır metallar torpağın yuxarı humus horizontlarında toplanır və yuyulma, bitkilər tərəfindən istehlak və eroziya zamanı yavaş-yavaş çıxarılır. Humus və torpağın qələvi mühiti ağır metalların udulmasına kömək edir. Cu, Pb, Zn, Cd və s. kimi ağır metalların bitkilər üçün toksikliyi sahələrdə əmtəəlik bitkilərin məhsuldarlığının azalması kimi ifadə edilir. Ağır metallar bitkilərin reproduktiv orqanlarında vegetativ orqanlarına nisbətən az toplanır ki, bu da metalların udulması, nəqli, metobolizmi, orqanlarda və toxumalarda paylanması becərilən bitkilərin növ və sort xüsusiyyətləri ilə sıx bağlıdır. Həmçinin, ağır metalların orqanizmdə böyük rolu vardır, lakin biosferdə, atmosferdə intensiv yayılması və torpaqda yüksək konsentrasiyası onların biota üçün toksikliyinə gətirib çıxarır. Müəyyən edilmişdir ki, insan orqanizminə daha güclü toksiki təsiri Cd, Pb və Hg elementləri göstərir. Qurğuşun (Pb) ürək-damar, sinir sistemi, civə (Hg) zülal və fermentasiya fəaliyyətinə, kadmium (Cd) nəfəs yolları, həzm sistemində müxtəlif xəstəliklərə gətirib çıxara bilər.
Torpağın ağır metallarla çirklənməsinə qarşı bir sıra mübarizə tədbirləri həyata keçirilir. Texnogen çirklənmə torpağın turşuluğunun çoxalması ehtimalını artırdığına görə üzvi maddələrin, gillərin və əhənglərin tətbiqi bu çirklənmə ilə mübarizədə müəyyən dərəcədə kömək edir. Həmçinin, çirklənmiş təbəqənin çıxarılması və onun basdırılması, ion dəyişdirici qatranlardan, xelat birləşmələri əmələ gətirən üzvi maddələrdən istifadə etməklə çirkləndiricilərin toksik təsirinin inaktivləşdirilməsi və ya azaldılması, yeraltı suların zərərsizləşdirilməsi və təmizlənməsi, ağır metalların həll olunan formasının miqrasiyasının proqnozlaşdırılması, aradan qaldırılması, bəzi, xüsusilə ağır hallarda, torpaq qatının tamamilə çıxarılması və yenisi ilə əvəz edilməsi əsas tədbirlərdəndir. Ağır metallarla çirklənmiş ərazilərin rekultivasiya metodlarından biri torpaq yuyulması metodudur. Qazılmış torpağa tətbiq olunan və torpaqdakı bir çox çirkləndiricilərin üzvi, ağır metalların, radioaktiv çirkləndiricilərin kənarlaşdırılmasında fiziki-kimyəvi və ekstraksiya metodlarını özündə birləşdirən olduqca təsirli bir texnologiyadır. Suya əsaslanan bu metod torpaqdakı çirkləndiriciləri ayırmaq üçün mexaniki proseslər və ya çirkləndiricilərin həllolma xüsusiyyətinə əsaslanır. Prosesin sonunda çirkləndiricilər sərbəst hala gətirilərək torpağın 5-40 %-ə qədəri həcmində konsentrə olunurlar və konsentrə olunmuş hissə digər metodlar ilə təmizlənir. Başqa bir sözlə ifadə etsək, proses çirkləndiriciləri yox edən bir proses deyil, onları konsantrə edərək, həcmini əhəmiyyətli dərəcədə azaldan və dolayı yolla digər metodların maliyyə dəyərini aşağı salan metoddur.
Texnogen çirklənmiş ərazilərin təmizlənməsində ən perspektivli və ənənəvi zərərsizləşdirmə üsullarının tətbiqindən fərqli olaraq iqtisadi cəhətdən daha səmərəli metod fitoremediasiyadır. Bu metodu tətbiq etmək üçün yalnız ənənəvi kənd təsərrüfatı təcrübələri tələb olunur, belə ki, xüsusi qurğuların tikilməsinə və bunun həyata keçirilməsi üçün təlim keçmiş kadrların hazırlanmasına ehtiyac yoxdur. Bu üsul elektrik enerjisi istehlak etmir, həmçinin istixana qazlarının çirkləndirici emissiyaları atmosferə daxil olmur. Yaşıl bitkilərdən istifadə etməklə suyun, torpağın və atmosfer havasının təmizlənməsi üsullarının məcmusu kimi qiymətləndirilir. Yonca kimi bəzi bitkilərin əkilməsi, biçilməsi və torpağın səthindən çıxarılması torpaqda olan ağır metalların konsentrasiyasını əhəmiyyətli dərəcədə azaldır. Bu üsul tamamilə ekoloji cəhətdən təmizdir. Torpağın fitoremediasiya üsulu ilə təmizlənməsində əsasən, hiperakkumulyator bitkilərdən istifadə olunur. Hiperakkumulyator bitkilər, yarpaqlarında, budaqlarında və gövdələrində torpaqdakı metal nisbətindən 50-500 dəfə çox metal toplaya bilən bitkilərdir. Bu bitkilər hiperakkumulyator olmayan bitkilərdən 100-1000 dəfə çox üzvi maddə ehtiva edə bilirlər. Bitkilər tərəfindən torpaqdan absorbsiya edilən ağır metallar ya torpaqda stabil hala keçirlər ya da torpaqdan kənarlaşdırılırlar. Çiçəkli bitkilərin 0,2 %-ni təşkil edən hiperakkumlyator bitkilərin sayı 450-ə qədərdir. Thlapsi L., Urtica L., Taraxacum officinale L. Weber, Chenopodium L., Polygonumsachalase W.H. Brever və Allyssum L. cinsindən olan bir sıra bitki növləri Cd, Cu, Zn, Ni, Pb kimi ağır metalları orqanizmlərində depolamaq xüsusiyyətinə malikdir. Həmçinin, Brassica juncea Czern., Solanum nigrum L., Fagopyrum esculentum Moench., Glycine max L., Oenothera picensis L., Noccaea caerulescens F.K.Mey., Hydrilla verticillata Royle., Dactylis glomerata L., Azolla pinnata R.Br. və s. kimi növlərin yetişdirilməsi texnogen çirklənmiş torpaqların təmizlənməsində alternativ metod kimi tətbiq oluna bilər. Müalicəvi bitkilərin köməyi ilə torpağın ağır metallardan bioloji təmizlənməsi geniş yayılmış üsullardandır. Təklif olunan fitoremediasiya metodunda borik turşusu aşağı dozalarda (0,1-1,0 kq/ha) torpağa daxil edilir ki, bu da remediator bitkilər tərəfindən çirklənmiş torpaqdan ağır metalların çıxarılmasını on dəfə artırmağa və müəyyən maddələrin çıxarılmasını tənzimləməyə imkan verir. Torpaqlarda qurğuşun hərəkətliliyinin azalması, seolit tətbiqi, əhəng və üzvi gübrələrin birgə tətbiqi ən təsirli tədbirlərə gətirib çıxarır. Kimyəvi meliorantların tam çeşidinin (üzvi və mineral gübrələr, əhəng və üzvi maddələr) istifadəsi torpaqda çoxvalentli metalların miqdarını 10-20 % azaldır. Ağır metalların bitkilər tərəfindən absorbsiya edilməsi, nəql olunması və depolanması ilə əlaqədar aparılan tədqiqatlar transgenetik bitkilərin inkişafına təkan verir. Fitoremediasiya metodu üçün istifadə olunacaq bitkilərin gen və ya proteinlərinin quruluşunun araşdırılmasında əldə olunacaq nəticələr ağır metallar və təbii çirkləndiricilərlə çirklənmiş ərazilərin təmizlənməsi üçün alternativ bitkilərdən istifadəni sürətləndirəcəkdir.
Fitoremediasiya metodunun tətbiqi məqsədi ilə “Ekologiya və iqlimləşdirmə” laboratoriyasının əməkdaşları Sabunçu rayonu Balaxanı qəsəbəsinin neftlə çirklənmiş ərazilərini tədqiqat yeri olaraq seçmişdir. Neft yataqlarının bu ərazilərdə uzun müddət istismarı ətraf mühitdə və onun təbii landşaftlarında dərin teхnogen dəyişikliklər yaratmışdır. Ərazinin bitki örtüyü əsasən, dəvətikanı, şoran cinsinin bəzi növlərindən ibarətdir. Sabunçu NQÇİ-nin Balaxanı ərazisində Cu YVH-dən 6 dəfə, Zn 6,8 dəfə daha çoxdur. Bozqonur, tam inkişaf etməmiş torpaqlar humus baxımından son dərəcə zəifdir. 0-25 sm təbəqədə onun miqdarı 2,17 % təşkil edir, dərinlik artdıqca bu göstərici 0,62 % qədər aşağı enir. Azotun miqdarı 6,9 %-qədər dəyişə bilir. Boz-qonur tam inkişaf etməmiş torpaqlarda karbonatların (CaCO3) miqdarı köhnə çirklənmiş torpaqda 6,32 %, dərinlik artdıqca isə daha çoxdur. Torpaqda udulmuş əsasların cəmi 0-20 sm dərinlikdə 35,43-27,20 mq-ekv arasında dəyişir. Uducu kompleksdə Mg2+ daha çoxdur 0-20 sm-də 17,93 mq-ekv-dir, udulmuş əsaslar cəmindən 48,63-56,54 %-ni təşkil edir. Profilin yuxarı hissəsində Ca2+ miqdarı da kifayət qədər yüksəkdir, 46,28-36,83 % olub, ana süxura qədər azalır. Torpağın üst səthində çirklənmə profil boyu aşağı qatlara qədər nüfuz edir. Bu da floraya öz təsirini göstərir. Toplanmış qalıqlar zaman keçdikcə geriyə dönməz problemlər yaradır.
Laboratoriyanın əməkdaşları ağır metallarla çirklənmiş ərazidən gətirdikləri torpaq nümunələrini laboratoriya şəraitində istifadə edərək daha perspektivli hesab etdikləri altı bitki növünü (Hibiscus syriacus L., Genista hispanica L., Caesalpinia gilliesii D.Dietr., Albizia julibrissin Willd. Durazz.., Olea europaea L., Pinus eldarica Medw.) dibçəklərdə əkmiş, müxtəlif işıq spekterlərində kameralara yerləşdirmişdir. Tədqiqat işi davam etdirilir.